"Əgər məqsədimiz Azərbaycan futbolunun inkişafıdırsa,..." - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ
Azərbaycan futbol üzrə milli komandanın baş məşqçisi Fernando Santuş baş məşqçi təyin olunduğu gündən bü günə qədər olan dövr ərzində 10 oyundur ki, qələbə qazana bilmir. Bunun səbəbi nədir? Baş məşqçi dəyişilməlidirmi? Həmçinin milli komandanının baş məşqçisi yerlimi yoxsa xaricimi olmalıdırmı?
Məsələ ilə bağlı SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov qeyd edib ki, bu qərarların necə və niyə verildiyi ilə bağlı onun əlində rəsmi və ya dəqiq məlumat yoxdur: "Bu səbəbdən, həmin məsələlərlə bağlı açıqlama vermək nə etik, nə də doğru olar. Bu məsələlər AFFA-nın səlahiyyətinə daxildir və yalnız onlar tərəfindən dəqiqliklə cavablandırıla bilər. Namizədlər sırasında adımın çəkilməsi mənim üçün olduqca xoş və qürurverici haldır. Bu, həm mənim fəaliyyətimə verilən bir dəyərdir, həm də böyük bir məsuliyyətdir. Lakin bu məsələ təkcə konkret bir şəxslə bağlı deyil. Burada əsas məsələ milli komandanın inkişafı üçün düzgün strategiyanın müəyyənləşdirilməsidir. Mövcud reallıqlar və son illərin təcrübəsi artıq bir daha göstərir ki, milli komandaya xarici baş məşqçilərin gətirilməsi gözlənilən nəticələri vermir. Xarici mütəxəssislər bəlkə də yüksək səviyyəli təcrübəyə malikdirlər, lakin nə yerli futbolçuların mentalitetini yetərincə anlayırlar, nə də Azərbaycan futbolunun spesifik xüsusiyyətlərinə tam uyğunlaşa bilirlər. Bu da öz növbəsində istənilən nəticələrin əldə olunmasına mane olur".
O əlavə edib ki, hazırkı şəraitdə milli komandaya rəhbərlik edəcək şəxsin məhz yerli mütəxəssislər arasından seçilməsi daha məqsədəuyğundur: "Yerli məşqçilər həm Azərbaycan futbolunu dərindən tanıyırlar, həm problemləri və ehtiyacları daha yaxşı anlayırlar, həm də futbolçularla psixoloji əlaqə qurmaqda daha səmərəlidirlər. Bu fikri yalnız özüm üçün demirəm – ümumiyyətlə, peşəkar, savadlı və motivasiyalı yerli məşqçilərin önə çəkilməsi milli komandanın inkişafı baxımından daha məntiqli yanaşmadır. Milli komandanın uğuru üçün mövcud şəraitdə yerli məşqçiyə etimad göstərilməsi həm praktik, həm də strateji baxımdan ən düzgün qərar olar. Əgər məqsədimiz Azərbaycan futbolunun inkişafıdırsa, bu yolda ilk növbədə öz mütəxəssislərimizə güvənməli, onları dəstəkləməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə