Avropa Cüdo Birliyi Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib
Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytı Olimpiya və dünya çempionu Hidayət Heydərovla bağlı yazı dərc edib. SİA xəbər verir ki, məqalədə 27 yaşlı tatami ustasının Budapeştdə keçiriləcək cüdo üzrə dünya çempionatında yenidən tatamiyə çıxacağı qeyd olunub.
Bundan başqa, 73 kq çəki dərəcəsində Parisdə Olimpiya çempionu titulunu əldə edən Heydərov üçün 2024-cü il əlamətdar olduğu, dünya və Avropa çempionatlarında da qızıl medal qazanaraq cüdo tarixində unikal nəticəyə imza atdığı bildirilib.
Daha sonra EJU Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautmanın fikirlərindən stat gətirib:
“İki Olimpiya çempionumuzun həm rəsmi tədbirlərdə iştirak, həm də federasiya ilə bağlı bir çox öhdəlikləri var idi. Özlərinə vaxt ayırmaq üçün istirahətə ehtiyac duydular. Fevraldan etibarən yenidən hazırlıqlara başladıq. Hazırda 100 faiz formamızda olmasaq da, bu narahatedici deyil. Ən vacibi, yüksək əyarlı medallar uğrunda mübarizə zamanı tam hazır olmaqdır. Bu il dünya çempionatında uğurlu çıxış gözləyirəm. Amma federasiya olaraq bizim növbəti əsas hədəfimiz gələn il Bakıda keçiriləcək dünya çempionatıdır”.
Məqalədə Hidayətin aprel ayında Avropa çempionatında iştirak etmək üçün tatamiya qayıtmaq istədiyi lakin xəstələndiyi və tam sağalmadığı üçün yarışda iştirak edə bilməməsi öz əksini tapıb. Bununla belə, Podqoritsaya gedərək “İlin kişi cüdoçusu” mükafatını qəbul edib və komanda yoldaşlarına dəstək olub.
Beynəlxalq qurum Olimpiya və dünya çempionunun da fikirlərinə yer verib.
“Sadəcə çəki itirmişdim və 10 ay sonra geri döndüm. Yenidən məşqlərə başlamaq və əvvəlki formaya qayıtmaq asan deyil, amma qarşıdakı yarışlarda qalib gəlmək istəyirəm”, - deyə o bildirib.
Onun motivasiyası hələ də yüksəkdir: “Bütün titulları qazansam da, onları ikiqat artırmaq istəyirəm”.
Olimpiya çempionu olmaq və ölkədə cüdonun simasına çevrilmək Heydərovun həyatında çox şeyi dəyişib: “Çox şey dəyişdi, amma ən önəmlisi budur ki, artıq tanınmış bir şəxsə çevrilmişəm. Bu məqamı sevirəm, çünki yeni nəslə nümunə olduğumu hiss edirəm”. Azərbaycanda küçədə gəzərkən və ya restoranda olarkən insanlar ona yaxınlaşır, avtoqraf istəyir və onunla şəkil çəkdirirlər. Heydərov isə bu diqqətdən narahat olmadığını bildirir.
Hidayət artıq diqqətini yenidən tam şəkildə cüdoya yönəldib. “Cüdo mənim üçün sadəcə bir idman növü deyil. Bu, mənim həyat yolumdur. Bu yolda isə geriyə baxmaq yoxdur – yalnız irəli,” — təsadüfi deyil ki, bir müddət öncə Heydərov şəxsi “Instagram” hesabında bunları yazmışdı.
Gündəlik məşq rejiminə qayıtmaq asan olmasa da, cüdoya olan sevgisi daha üstün gəlib: “Cüdo daha şəffaf və dürüstdür. Mən bu idmanı sevirəm, çünki burada hər kəs bir ailə kimidir. Hamı bir-birinə və müxtəlif mədəniyyətlərə hörmətlə yanaşır”.
Hidayət Heydərov dünya və Olimpiya çempionu statusu ilə Budapeştdə keçiriləcək dünya çempionatında yenidən tatamiyə çıxmaq üçün ciddi şəkildə hazırlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə