"Uşaq futbolu və infrastruktur sahəsində atılan addımlar yetərli deyil" - BAŞ MƏŞQÇİ AÇIQLADI
"Azərbaycanın futbol üzrə milli komandası son illərdə azarkeşlərin ümidlərini doğrultmaqda çətinlik çəkir. Komandanın uğursuz çıxışı artıq təkcə idman nəticələri ilə məhdudlaşmır, ictimai müzakirələrin, sosial mediada narazılıqların və hətta boykot çağırışlarının da əsas mövzusuna çevrilib. Son olaraq, tanınmış və beynəlxalq təcrübəyə malik portuqaliyalı baş məşqçi Fernando Santuşun rəhbərliyi altında milli komanda on oyundur qələbə qazana bilmir. Bu isə artıq problemin yalnız baş məşqçidə deyil, ümumi futbol sistemində olduğunu göstərir". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu, baş məşqçi Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, Azərbaycan futbolunun ən böyük problemlərindən biri uzunmüddətli, ardıcıl və məqsədyönlü strategiyanın mövcud olmamasıdır. AFFA hər dəfə yeni məşqçi gətirməklə vəziyyəti dəyişəcəyini düşünür, lakin baş məşqçilər tez-tez dəyişir və hər biri öz sistemini tətbiq etməyə çalışır: "Nəticədə futbolçular dəyişən yanaşmalara uyğunlaşmaqda çətinlik çəkirlər, bu isə komanda daxilində sabit oyun üslubunun formalaşmasına mane olur. Halbuki uğurlu milli komandalar illərlə eyni strategiya üzərində işləyir, sistemi oturmuş oyun planı ilə inkişaf edir və oyunçular da bu sistemə uyğun yetişdirilir. Digər ciddi məsələ oyunçu seçimi və onların keyfiyyəti ilə bağlıdır. Təəssüf ki, Azərbaycan Premyer Liqasının səviyyəsi aşağı olduğundan yerli futbolçular beynəlxalq oyunlarda rəqabət aparmaqda çətinlik çəkirlər. Yaxşı oyunçuların az olması səbəbindən seçim imkanları məhduddur. Legioner həyatı yaşayan azərbaycanlı futbolçuların sayı da olduqca azdır, olanların da çoxu zəif liqalarda və ya əsas heyətdə çıxış etməyən oyunçulardır. Bu isə milli komandada keyfiyyətli və təcrübəli heyət formalaşdırmağa imkan vermir.
Psixoloji hazırlıq da komandanın zəif cəhətlərindən biridir. Uğursuzluqlar ardıcıl olduqca oyunçuların özünəinamı zəifləyir, azarkeşlərin dəstəyi azalır və bu vəziyyət meydandakı oyuna mənfi təsir göstərir. Komanda oyunçuları bəzən sanki yalnız oyunu başa vurmaq üçün meydana çıxırlar. İradə, mübarizə əzmi və motivasiya çatışmazlığı açıq şəkildə hiss olunur. Bu isə milli ruhun zəiflədiyini göstərir və komandaya mənəvi dəstəyin yenidən qurulmasına ehtiyac olduğunu ortaya qoyur.
AFFA-nın fəaliyyəti də azarkeşlər tərəfindən ciddi tənqid olunur. Son illərdə təşkilati işlərə, struktur islahatlarına və gənclər futboluna yetərincə diqqət ayrılmaması narazılıqlara səbəb olub. Xüsusilə uşaq futbolu və infrastruktur sahəsində atılan addımlar yetərli deyil. Əgər aşağı yaş qruplarında düzgün sistem qurulmasa, gələcək nəsil futbolçuların da peşəkar səviyyədə yetişməsi mümkün olmayacaq. Klublar arasında koordinasiya zəifdir, yerli məşqçilərin inkişafı və ixtisasartırması üçün ciddi proqramlar yoxdur. Bütün bu sadalanan problemlər bir yerdə milli komandanın zəif çıxışına səbəb olur. Nəticə etibarilə yalnız baş məşqçi dəyişikliyi ilə vəziyyəti dəyişmək mümkün deyil. Əslində problemin kökündə dayanan məsələ sistemsizlik və planlaşdırma çatışmazlığıdır. Azərbaycan futbolunun inkişaf etməsi üçün AFFA tərəfindən uzunmüddətli strateji yol xəritəsi hazırlanmalı, aşağı yaş qruplarından başlayaraq futbol piramidası düzgün qurulmalı, yerli çempionatın səviyyəsi qaldırılmalı və azarkeşlərlə düzgün əlaqə yaradılmalıdır. Əgər bu addımlar vaxtında atılmazsa, milli komandaya olan maraq və azarkeş dəstəyi getdikcə daha da azalacaq və bu vəziyyətdən çıxmaq daha da çətinləşəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə