Dünya reytinqində birinci pillədə qərarlaşan italiyalı Yannik Sinner son 15 ildə ardıcıl dörd dəfə Novak Cokoviçə qalib gələn ilk tennisçidir. SİA xəbər verir ki, 23 yaşlı idmançı buna ötən gün “Rolan Qarros” turnirinin yarımfinalında rəqibini məğlub etməklə (3:0) nail olub.
Sinner 2023-cü ildə Devis Kubokunun finalında, 2024-cü ildə Avstraliya Açıq çempionatında və Şanxaydakı yarışda Cokoviçi üstələyib.
O, serbiyalı tennisçi üzərində ardıcıl dörd qələbə əldə edən beşinci tennisçidir. Daha əvvəl 2009-2010-cu illərdə Endi Roddik, 2008-2009-cu illərdə Rafael Nadal (5 qalibiyyət), 2006-2007-ci illərdə Rocer Federer və 2008-2009-cu illərdə Jo-Vilfrid Tsonqa bunu bacarıb.
Qeyd edək ki, Yannik Sinner iyunun 8-də “Rolan Qarros” turnirinin finalında ispan Karlos Alkarasla üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə