Azərbaycan güləş yığmalarının Avropa çempionatı üçün heyəti açıqlanıb

İyunun 9-dan 15-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə 17 yaşadək güləşçilər arasında Avropa çempionatı keçiriləcək.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, ölkəmizi qitə birinciliyində təmsil edəcək milli komandaların heyəti müəyyənləşib.

Yunan-Roma güləşi üzrə yığmanın üzvləri yarışın ilk günlərində xalçaya çıxacaqlar. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elbrus Məmmədovun rəhbərliyi Abdulrəhman Hüseynli (45 kiloqram), Qurban Məcnunov (48 kiloqram), Elşad Abbasov (51 kiloqram), Ayxan Əsədli (55 kiloqram), Əli Nəzərov (60 kiloqram), Ramil Musayev (65 kiloqram), Yusif Əhmədli (71 kiloqram), Nicat Yeylaqaliyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Rihad İbrahimli (110 kiloqram) uğur qazanmağa çalışacaqlar.

Daha sonra estafet qadın güləşinə keçəcək. Böyük məşqçilər Həsrət Məmmədyarov və Solmaz Adilovanın rəhbərliyi altında Nəzrin Əhmədli (46 kiloqram), Xədicə Qurbanzadə (49 kiloqram), Fatimə Bayramova (53 kiloqram), Ülviyə Musayeva (57 kiloqram), Esra Məmmədli (61 kiloqram), Fidan Babayeva (65 kiloqram) və Milana Bağırzadə (69 kiloqram) çıxış edəcəklər.

Yarışın sonlarında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Yaşar Əliyevin rəhbərliyi altında sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Heyətdə Ömər Usubov (45 kiloqram), Rəvan Həsənzadə (48 kiloqram), Ramal Mirhüseynov (51 kiloqram), Ruslan Əlizadə (55 kiloqram), Həsən Həsənov (60 kiloqram), Tunar Nəsibov (65 kiloqram), İsa Yusibov (71 kiloqram), Əli Hacıyev (80 kiloqram), Səid Paşayev (92 kiloqram) və Hakim Tağıyev (110 kiloqram) yer alıblar.

Gündüz seansının görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakim Vüqar Şükürov ədaləti qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə