"Barselona"nın idman direktoru Deko Lamin Yamal ilə müqavilənin uzadılmasına münasibət bildirib. SİA xəbər verir ki, 17 yaşlı vingerin Lionel Messi ilə müqayisə olunmasından da danışıb:
“Lamin, Lamindir, Leo isə Leo. Messi bu klubun tarixində ən yaxşı oyunçudur, mənim üçün isə futbol tarixində ən yaxşısıdır.
Hamı Laminin futbol oynayışına heyran qalır. Siz stadionda onu izləmək üçün pul ödəyərdiniz. Yamal qeyri-adi oyunçudur və o, layihəyə inandığı üçün qalmaq istədi. Daha yüksək maaşı haqq edir.
O, dünyanın ən yaxşı futbolçularından biri olacaq. Biz onu oyunçu kimi hörmətlə qarşılamalıyıq, lakin unutmayaq ki, o, hələ 17 yaşındadır. Müqayisə aparmaq çətindir, amma keyfiyyət baxımından Lamin Leo kimi tarixə düşə bilər. Əlbəttə, bunun üçün ona yaxşı komanda da lazımdır.
Biz çalışırıq ki, onu qoruyaq və üzərinə çox yük düşməsinə imkan verməyək. Çünki bəzən sponsorlar və başqaları onun formasını və ya vaxtını istəyirlər. Bəzən hər şeyə nəzarət edə bilmirik, amma insanlar onun meydandakı və meydandan kənardakı sehrini görürlər. Onlar Yamala toxunmaq istəyirlər və biz ona bunun öhdəsindən gəlməyə kömək etməliyik”.
Qeyd edək ki, bir neçə gün öncə klub Yamal ilə müddəti 2031-ci ilin 30 iyununa qədər yeni müqavilənin uzadıldığını elan edib. Onun məvacibi 17 milyon avro olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə