"Azərbaycanın İngiltərə ilə oyunu Rumıniya ilə oyundan daha rahat olmalıdır" - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ
"Azərbaycan millisinin şansları fikrimcə, çox yüksəkdir. Düşünürəm ki, Azərbaycanın İngiltərə ilə oyunu Rumıniya ilə oyundan daha rahat olmalıdır. Çünki Rumıniya son dünya çempionu və dəfələrlə Avropa çempionu olublar. Çox oturuşmuş və təcrübəli komandadır. Buna baxmayaraq, oyun boyu üstünlük bizdə idi. Layiqli şəkildə, penalti seriyasında olsa da qələbə qazandıq". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Onun sözlərinə görə, mini futbol üzrə Azərbaycan millisinin 1/4 finala yüksəlməsi böyük uğurdur və komandanın turnirə yaxşı hazırlandığını göstərir. Növbəti mərhələdə rəqibin İngiltərə millisi olması isə ciddi sınaq deməkdir: "İngiltərə mini futbol sahəsində təcrübəli və fiziki cəhətdən güclü komandalar arasında yer alır. Buna baxmayaraq, milli komandamızın bu oyunda şansları az deyil. Düşünürəm ki, İngiltərə yaxşı komandadır, amma bizdə də kifayət qədər təcrübə və oyunu həll edə biləcək oyunçular var. İnanıram ki, bu gün də qələbə qazanacağıq. Mən cempionat başlayan ilk gündən demişdim ki, bu yarışa gələndə mənim iki favoritim var. Biri Mavritaniya millisi, biri də Azərbaycandır. Hər ikisi bu gün 1/4 finala çıxır və öz oyunları ilə göz oxşayırlar.
Azərbaycan yığmasının turnirdəki əvvəlki çıxışları, göstərdiyi oyun və əldə etdiyi nəticələr onların motivasiyalı və döyüşkən olduğunu göstərir. Komandamız texniki baxımdan bacarıqlı, çevik və sürətli hücumlar qura bilən oyunçulara malikdirsə, bu üstünlüklər İngiltərə kimi rəqibə qarşı oyunda həlledici rol oynaya bilər.
Ümumilikdə, Azərbaycan millisinin şansı rəqibin gücünə baxmayaraq, kifayət qədər realdır. Əsas məsələ soyuqqanlı və intizamlı oyun nümayiş etdirmək, taktiki tapşırıqlara ciddi əməl etmək və rəqibin zəif cəhətlərindən düzgün istifadə etməkdir. Bu halda, komandamız 1/2 final mərhələsinə yüksəlmək üçün real namizəd ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə