Bakıda keçirilən boks üzrə IBA Çempionlar Gecəsi ötən ilin ən yaxşı yarışları sırasında yer alıb. SİA xəbər verir ki, Azərbaycan Boks Federasiyasının (ABF) 100 illiyi çərçivəsində Milli Gimnastika Arenasında baş tutan gecə təşkilatçılıq baxımından fərqləndirilib.
Bununla bağlı Beynəlxalq Boks Assosiasiyası (IBA) ABF-yə təşəkkür məktubu göndərib. IBA prezidenti Umar Kremlyov bildirib ki, Bakıya səfəri zamanı ABF tərəfindən göstərilən qonaqpərvərlik ölkəmizin zəngin ənənələrinin parlaq əksi olub:
“2024-cü il sentyabrın 28-də Bakıdakı Milli Gimnastika Arenasında keçirilən İBA Çempionlar Gecəsi təkcə Azərbaycan boksu üçün əlamətdar hadisə olmayıb, həm də 2024-cü ildə keçirilən üç ən yaxşı İBA Çempionlar Gecəsi yarışından biri olub. Bu möhtəşəm nailiyyət bizim idman növümüzə baxışımızı və inkişafa sadiqliyimizi nümayiş etdirib”.
Həmçinin vurğulanıb ki, boksun inkişafına şərait yaratmaq, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi istiqamətində səylər ən yüksək qiymətə layiqdir:
“Əminəm ki, Azərbaycan bundan sonra da İBA və EUBS-in bayrağı altında böyük turnirləri keçirməkdə davam edəcək”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş keçirilib. Rinqə çıxan Azərbaycanın 4 boksçusu qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə