AKOF kollektivi millinin üzvləri və baş məşqçisi ilə görüşüb - FOTOLAR

Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) kollektivi millinin baş məşqçisi Natiq Fazilov, idmançılar Fatimə Hüseynli və Məhəmmədəli Əliyevlə görüşüb. AKOF-dan SİA-ya verilən məlumata görə, qurum üzvləri ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil edən hər iki idmançını əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıblar.

Üç ildir oxatma ilə məşğul olan 17 yaşlı Fatimə Hüseynli müxtəlif illərdə keçirilən yarışlarda 14 qızıl, 9 gümüş və 5 bürünc medal qazanıb. O, bu ilin aprelində gənclər arasında Avropa Kubokunda ikinci olmaqla Avropadan Azərbaycana ilk medalı gətirib. İdmançı avqustda keçirilən ölkə çempionatında da mükafatçılar sırasında yer alıb.

Dördqat respublika çempionu olan M.Əliyev Antalyada baş tutan Dünya Kubokunda 661 xalla Azərbaycan rekordunu təzələyib.

Qeyd edək ki, M.Əliyev və F.Hüseynli Gürcüstan və Tacikistanda keçirilən beynəlxalq turnirlərdə də milli komandaya uğur qazandırıblar. Belə ki, onlar komanda yarışında müvafiq olaraq gümüş və bürünc medala yiyələnməklə dünya oxatanları arasında reytinq qazana biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə