“Zirə”yə 0:4 hesabı ilə uduzmaq mənim günahımdır...

“Bu hesabla uduzmaq mənim günahımdır. İkinci oyunda geri dönüş etmək çətin olacaq. Səhvlərdən nəticə çıxaracağıq”.

SİA xəbər verir ki, bu sözləri Slovakiyanın “Dunayska Ştreda” komandasının baş məşqçisi Xisko Munyoz UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə “Zirə”yə 0:4 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, meydanda bəzi epizodları düzgün dəyərləndirmədiklərini bildirib: “Bu cür nəticələr bizə müəyyən təcrübələr qazandıracaq. Futbolda belə hesablar olur. Lakin bütün məsuliyyəti öz üzərimə götürürəm. Doğma meydanda əlimizdən gələni etməyə çalışacağıq”.

44 yaşlı ispaniyalı mütəxəssis cavab görüşündə komandaya inandığını söyləyib: “Futbolçularımın gücünə inanıram. Çətin oyun olacaq, amma mümkünsüz heç nə yoxdur”.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 1-də Slovakiyada keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə