Bu gün Almaniyada keçirilən 17-ci Avropa çempionatına yekun vurulacaq.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, iyunun 14-də start götürən qitə birinciliyində final oyunu keçiriləcək.
Həlledici qarşılaşma Berlindəki Olimpiya stadionunda baş tutacaq. İspaniya millisi İngiltərə ilə üz-üzə gələcək. Qarşılaşmanı Fransa Futbol Federasiyasından olan baş hakim Fransua Leteksier idarə edəcək. Leteksierin köməkçiləri Siril Maqnier və Mehdi Rahmoni olacaq. Dördüncü hakim polşalı Şimon Marçiniakdır.
Rəsmi oyunlarda (dünya çempionatı, Avro, təsnifat oyunları və Millətlər Liqası) İspaniya və İngiltərə cəmi 12 dəfə qarşılaşıb. Ümumilikdə isə bu, 28-ci qarşılaşma olacaq.
Daha əvvəl keçirilən 27 matçda İspaniya 10, İngiltərə 13 qələbə qazanıb, 4 matçda isə bərabərliklə ayrılıblar. Qolların sayında İngiltərənin üstünlüyü özünü büruzə verirdi. İndiyədək keçirilən oyunlarda İngiltərə 45, İspaniya isə 32 qol vurub. İki komanda sonuncu dəfə 2018-ci ilin oktyabrında UEFA Millətlər Liqasında Sevilyada üz-üzə gəlib. Qarşılaşmada İngiltərə 3:2 hesabı ilə qalib gəlib.
AVRO-2024-ün finalına qədər hər iki komandanın bombardiri hərəyə üç dəfə fərqlənib. İspaniya millisində Dani Olmo və İngiltərə yığmasında Harri Keyn hərəyə üç qol vurublar.
Komandaların finala aşağıdakı heyətlərlə çıxacağı gözlənilir:
İspaniya: Simon, Karvahal, Le Normand, Laporte, Kukurelya, Ruis, Rodri, Olmo, Yamal, Morata, Uilyams.
İngiltərə: Pikford, Uoker, Stounz, Quehi, Saka, Maynu, Rays, Şou, Bellinqem, Foden, Keyn.
AVRO-2024
14 iyul
Final
23:00. İspaniya – İngiltərə
Baş hakim: Fransua Leteksier.
Berlin, Olimpiya Stadionu.
Bütün xəbərlər Facebook səhifəmizdə