Azərbaycan ağırlıqqaldırma millisi ən yaxşılar arasında yer alıb - FOTO

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb. SİA xəbər verir ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışda Azərbaycan yığması ümumilikdə 18 (8 qızıl, 5 gümüş və 5 bürünc) qazanaraq ən yaxşılar sırasında yer almağı bacarıb.

Qızlarımızdan Nuray Əbilova 1 gümüş (U-15, 40 kiloqram), Malikə Biçekuyeva 2 bürünc (U-15, 55 kiloqram), oğlanlardan isə Kamran Xappayev 3 qızıl (U-15, 61 kiloqram), Elman Kurdanov 2 gümüş və 1 bürünc (U-15, 67 kiloqram), İsa Əliyev 2 qızıl və 1 gümüş (U-15, 73 kiloqram), Aslan Əmiraslanov 3 qızıl (U-15, 89 kiloqram), Muhəmmədəli Məmmədzadə (U-15, 96 kiloqram) 1 gümüş və 2 bürünc medal qazanıblar. U-15 yaş qrupunda birdən-birə 3 idmançımız toplamda qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb ki, bu da tarixi uğurdur. 2018-ci ildə İtaliyanın Milan şəhərində keçirilən Avropa birinciliyində yaş qruplarında komandalarımız ayrılıqda 2 qızıl medal qazanmışdı. Bundan başqa, Milanda oğlanlardan ibarət U-15 komandamız cəmi 13 medal qazanmışdısa, bu dəfə bu rəqəm 15-ə qalxıb.

Yuxarıda qeyd olunan nəticələrə əsasən, yığma komandaların Avropa reytinqi müəyyən edilib. Burada Azərbaycan komandası növbəti uğura imza atıb. Belə ki, yığmamız 15 yaşadək atletlər arasında Avropa birinciliyində komanda hesabında II yeri tutub. Komandamız ümumilikdə 709 xal toplayaraq Türkiyə, Polşa, Bolqarıstan və digərlərini üstələyib. Qalib adını isə 742 xalla Gürcüstan qazanıb.

İdmançılarımız Avropa birinciliyində fərdi uğurlarla da fərqləniblər. Burada ən güclülər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Nuray Əbilova yaşı 15-ə qədər qızların yarışında toplam 106 kiloqram nəticə və 447,82 xalla Avropa birinciliyinin 10 ən yaxşısı sırasında yer alıb.

Oğlanlarda bu yaş qrupunda 2 idmançımız ən yaxşılardan olub. 73 kiloqram çəki dərəcəsində çıxış edən İsa Əliyev toplam 249 kiloqram çəki ilə 488, 13 xal toplayaraq Avropa birinciliyinin ən yaxşıları sırasında 4-cü yeri tutub. 61 kq çəki dərəcəsində çıxış etmiş Kamran Xappayev isə toplam 227 kiloqram nəticə və 522,42 xalla Avropa birinciliyinin ən yaxşı idmançıları sıralamasında 2-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə