“Bacardığımız qədər daha çox güləşçi ilə "Paris-2024"ə yollanmaq istəyirik“ - Fərid Mansurov

"Bacardığımız qədər daha çox güləşçi ilə "Paris-2024"ə yollanmaq istəyirik". SİA xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq yunan-Roma güləşçisi Fərid Mansurov mayın 9-13-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Dünya Olimpiya Təsnifat Turniri barədə danışarkən deyib.

O, "Paris-2024"ə lisenziya xarakterli turnirdə Azərbaycanın güləşçilərinə inandığını bildirib: "Bildiyiniz kimi, sərbəst güləşçilərimiz Olimpiya çəki dərəcələrinin hər birində lisenziya əldə etdikləri üçün İstanbuldakı turnirə qatılmayacaqlar. Hələ ki qızlarda lisenziya yoxdur. Bacardığımız qədər daha çox güləşçi ilə "Paris-2024"ə yollanmaq istəyirik".

Üçüncü dəfə Suqovuşanda start götürən "Prezident Kuboku-2024" beynəlxalq turnirdə qonaq kimi iştirak edən olimpiya və ikiqat dünya çempionu bu cür yarışların keçirilməsinin gənclərə də böyük təsir edəcəyini bildirib: "Yarışda 21 ölkə mübarizə aparır. Reqata Suqovuşanda start götürdü. Burada azarkeş qismində iştirak etmək qürurvericidir. Fərqli yerlərdən gələn idmançılar Azərbaycanda Suqovuşan və Mingəçevir kimigözəl yerlərin olduğunu görürlər. Bununla bağlı təbliğat işləri də aparır".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə