"Nəticədən asılı olmayaraq daim "Qarabağ"ın yanındayıq" - FUTBOL MÜTƏXƏSSİSİ DANIŞDI
"Sabah "Qarabağ" və "Bayer04" arasında keçiriləcək oyun çox böyük əhəmiyyətə malikdir. Çünki ilk dəfədir ki, Azərbaycan klublarından biri Avropa Liqasının 1/8 mərhələsinə gəlib çatıb. Bu, böyük bir uğurdur. Çox istərdik ki, bir yox bir neçə klubumuz belə uğur əldə etsin. "Qarabağ" daxili çempionatımızda tək liderdir. Çünki çempionatda rəqabət zəifdir. Bəzi klublarda düzgün strategiyalar işlədilmir və transferlər doğru şəkildə həyata keçmir. Bildiyiniz kimi, Prezident İlham Əliyev idmana xüsusi dəstək göstərir və inkişafımız üçün hər cür şərait yaradılır. Dövlət tərəfindən futbol klublarına əlavə maddi yardım da göstərilir. Ona görə də hər bir Azərbaycan klubu dövlətin bu dəstəyindən düzgün yararlanmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Əməkdar məşqçisi, futbol mütəxəssisi Tərlan Əhmədov deyib.
Onun sözlərinə görə, "Qarabağ" üçün Avro Liqanın qrup mərhələsində və ya beynəlxalq oyunlarda çətinlik yaranır: "Çempionatımızda rəqabət olsa, bir neçə qrup mübarizə aparsa, hər halda uğur qazanmaq daha asan olardı. Amma biz bu gün "Bayer Leverkusen"dən çəkinirik. Çünki bu klub Almaniya çempionatında vahid liderdir. Bu komanda məğlubiyyətin nə olduğunu bilmir. Demək ki, Ağdam klubunun işi çox çətindir. Rəqibin həm böyük bir büdcəsi var, həm də Almaniya futbolunun hansı səviyyədə olduğu hər kəsə məlumdur. Amma mümkünsüz bir şey yoxdur. Hər halda "Köhlən atlar" öz meydanında daha yaxşı oynaya və müsbət nəticə əldə edə bilər. Lakin "Bayer Leverkusen" heç kimə rəhm etmir. Ona görə də "Qarabağ" çalışmalıdır ki, xüsusilə müdafiədə səhvə yol verməsin".
"Son oyunları müşahidə etdikdə görürük ki, müdafiədə boşluqlar çoxdur. Heç olmasa "Qarabağ" evdə bərabərlik əldə etməsi hər birimiz üçün sevindirici hal olardı. Çünki səfər oyunu Ağdam klubu üçün çox çətin keçəcək. Bizim rəqibi tanıdığımız qədər, onlar da bizi analiz ediblər. Hesab edirəm ki, "Alman maşını" çalışacaq ki, oyunun taleyini martın 14-nə saxlamasın, elə sabah həll etsin. "Qarabağ"ın Avropa Iiqasında 1/8 mərhələyə keçməsi belə bizim üçün böyük bir uğurdur. Çünki biz artıq gələcəyə başqa bir yöndən baxırıq. Sabahkı oyunda "Qarabağ" məğlub olsa belə, biz daim onun yanındayıq. Amma təbii ki, hələ də ümidimiz var. Heç nə mümkünsüz deyil",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB