""Braqa" elə bir komandadır ki..." - MÜTƏXƏSSİS DANIŞDI

""Braqa" elə bir komandadır ki..." - MÜTƏXƏSSİS DANIŞDI

"Qarabağ"-"Braqa" oyunu göstərdi ki, öncədən səsləndirdiyim fikirlərimdə yanılmamışam. Əlbəttə ki, oyunun gərgin keçəcəyi məlum idi. Hesab edirəm ki, oyundan öncə həm "Qarabağ"ın, həm də rəqib komandanın son keçirdikləri oyuna baxanda tədirgin olmamaq əldə deyildi. Çünki hər iki komanda oyunlarında çox sayda qol buraxmışdı. Bu da müdafiə xəttində problemlərin olduğunu açıq-aşkar ortaya qoyurdu. Amma hər iki komandanın hücum xəttinin güclü olacağı gözlənilirdi. Belə də oldu". Bu sözləri SİA-ya açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib.

Onun sözlərinə görə, "Qarabağ" oyunun birinci hissəsinə çox yaxşı başlayıb: "Ağdam klubu meydanın mərkəzini gücləndirməyə çalışdı və bunun da öhdəsindən çox yaxşı gəldilər. Böyük təzyiqlə rəqibi qarşılayan "Qarabağ" onları səhv buraxmağa məcbur etdi və penalti qazandı. Birinci qoldan sonra isə sanki "Braqa" bir qədər özünə gəldi.

Fikrimcə, oyundan öncə rəqib komanda bizə yuxarıdan aşağı baxırdı. Lakin oyunun gedişatında, xüsusilə ilk qoldan sonra "Braqa" meydanda dominantlığı ələ aldı. Bunun məntiqi sonluğu olaraq rəqib hesabı bərabərləşdirdi və birinci hissəni 1:1 hesabı ilə bitirdi".

Mütəxəssis oyunun ikinci hissəsini dəyərləndirərkən qeyd edib ki, "Braqa" daha böyük qüvvə ilə irəli atılmağa çalışdı: "Amma "Qarabağ" da əks-hücumlarını gücləndirdi və yaratdığı fürsətlərin 2-ni qol ilə nəticələndirdi. Sonda isə cərimə zərbəsindən vurulan qol "Qarabağ"a hesabı daha çox açmağa imkan verdi.

"Köhlən atlar"ın qələbə qazanması o demək deyil ki, bu oyun asan keçdi. Rəqib komanda kifayət qədər bizə yüklənir və müqavimət göstərirdi. "Qarabağ" da zaman-zaman səhvə yol verirdi. Amma "Braqa" bu səhvlərin cəmi ikisindən yararlana bildi. Əvvəlki vaxtlar olsaydı, 4:2-lik bir qalibiyyət mərhələni 100% keçdiyimizin göstəricisi olardı. Amma indi bu səviyyədə keçirilən cavab oyunlarında 2 top çox böyük bir fərq sayılmır. "Braqa" elə bir komandadır ki, bu fərqi aradan qaldıra bilər. Lakin düşünürəm ki, Ağdam klubu da ilk oyundakı səhvləri öz meydanlarında edəcək deyil. Qalibiyyət əldə edib-etməyəcəyimizi dəqiq deyə bilmərəm. Amma ümid edirəm ki, bu fərqi qoruyub mərhələni keçən "Qarabağ" olacaq".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə