"Hədəfim dördüncü dəfə dünya çempionu olmaqdır" - GÜLƏŞÇİ AYDINLIQ GƏTİRDİ

“Sözsüz ki, keçiriləcək dünya çempionatı ilə bağlı yalnız qələbə düşünürəm. Mənə elə gəlir ki, bu dünya çempionatı mənim kariyeram ərzində ən önəmli çempionatlardan biridir. Çünki bu dünya çempionatı olimpiya oyunlarına vəsiqə qazandırır. Ona görə də bu çempionata heç bir yarışa hazırlaşmadığım qədər həvəslə hazırlaşmalıyam”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

Onun sözlərinə görə, yarışa hazırlıqlar yaxşı gedir: “İlin əvvəlindən etibarən bir neçə təlim-məşq toplanışımız olub. Bu yaxınlarda da Şimali Osetiyanın paytaxtı Vladiqafqazda təlim-məşqdə olduq. Hazırda 10 günlük bir istirahət müddətindəyik. Lakin biz yenə də hər gün bir dəfə olmaqla məşqlərimizi davam etdiririk. Ayın 18-i bizi Göygöldə təlim-məşq toplanışı gözləyir. Göygöldən sonra isə yenə təlim-məşq toplanışı üçün Vladiqafqaza yollanacağıq. Bir sözlə, dünya çempionatına qədər tam olaraq istirahət etməyəcəyik”.

H.Əliyev sözlərinə davam edərək bildirib ki, bu çempionatdan gözləntisi dördüncü dəfə dünya çempionu olmaqdır: “Doğrudur, ölkəmizdə güləş üzrə məndən başqa üç dəfə çempion olan biri yoxdur. Amma dördüncü dəfə çempion olmaq daha da gözəl olar. Azərbaycanda da dörd qat dünya çempionu olar. Bu, hazırda dünyada olan nadir hallardandır. Üç qat dünya çempionların sayı belə çox azdır. Mən çalışacam ki, olimpiya oyunlarına vəsiqə qazanım. Ümid edirəm ki, yoldaşlarım da çempionatda uğurlu çıxışlar edərək xalqımızı layiqincə təmsil edəcək”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə