Uşaq Paralimpiya Kuboku keçirilib - FOTOLAR

Uşaq Paralimpiya Kuboku keçirilib - FOTOLAR

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNICEF-in Azərbaycan nümayəndəliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Uşaq Paralimpiya Kuboku” keçirilib. SİA xəbər verir ki, Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində keçirilmiş yarışda 100-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Paytaxt Bakı və ölkənin müxtəlif bölgələrindən yarışlara qatılan uşaq paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) öz güclərini sınayıblar.

Açılış mərasimindən öncə dövlət himni səsləndirilib. Kubokun rəsmi açılış mərasimində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, ikiqat paralimpiya çempionu İlham Zəkiyev və icraçı direktor Eldar Babayev çıxış edərək sağlamlıq imkanları məhdud uşaqlara uğurlar arzulayıblar.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Hazırda Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə