Avropa çempionu olan idmançılarımız fikirlərini - SİA İLƏ BÖLÜŞÜBLƏR

Bu gün U-23 Avropa çempionatında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq həm medalların əyarına, həm də toplanan xallara görə komanda hesabında 1-ci yeri tutan sərbəst güləş üzrə millimiz bu gün Vətənə qayıdıb. Onlar təmtəraqlı bir şəkildə idman ictimaiyyəti tərəfindən Heydər Əliyev adına hava limanında qarşılanıblar. Mövzu ilə əlaqədar olaraq SİA idmançıların yarış barədə fikirlərini öyrənib.

Baş məşqçi Arif Abdullayev: "Rumıniyada keçirilən 23 yaşına qədər Avropa çempionatında komandamız tam heyətlə ölkəmizi təmsil edirdi. Ümumilikdə milli komandamız sərbəst güləş üzrə 3 qızıl, 1 bürünc, 1 gümüş olmaqla 5 medal qazandı. Bəzi idmançılarımızda öz səhvləri ucbatından nəticə əldə edə bilmədilər. Lakin ümumilikdə idmançılarımızın çıxışı məni qane etdi və komanda hesabına 140 xal yazdırmaqla birinci yerə çıxdılar. Bizim gələcək planlarımızdan biri də sentyabr ayında keçirilməsi gözlənilən və lisenziya xarakteri daşıyan Dünya çempionatında yüksək nəticə əldə etməkdir".

Güləşçi Nuran Bayramov: "Mən Avropa çempionatının qızıl medal mükafatçısıyam. Bu dəfəki Avropa çempionatı mənim üçün çox uğurlu keçdi. Mən eyni zaman Dövlət Sərhəd Xidmətinin əsgəriyəm. Yarışlarda iştirak etməyim üçün mənə şərait yaratdığı üçün general polkovnik Elçin Quliyevə öz minnətdarlığımı bildirirəm. Ümumilikdə isə Azərbaycan Güləş Federasiyasına minnətdarlığımı bildirirəm ki, bizə hər cür şərait yaradaraq, yüksək səviyyədə təlim-məşq toplanışları təşkil etdilər. Bütün bunları nəticəsi olaraq sərbəst güləş üzrə milli komandamız U-23 Avropa çempionatında qalib oldu".

Güləşçi Səbuhi Əmiraslanov: " Mən ilk dəfədir ki, U-23 Avropa çempionatında medal qazanıram. Bu yarışda erməni rəqibi üzərində qələbə qazandım. Təbii ki, bu qalibiyyət mənim üçün qürurverici idi. Mən bu qələbəmi Azərbaycan Respublikasının torpaqlarının bütövlüyü uğrunda canında keçmiş şəhidlərimizə və qazilərimizə həsr edirəm. Bütün komandamıza gələcək yarışlarda da uğurlar arzu edirəm".

Güləşçi Rəşid Babazadə: " Bu ilki Avropa çempionatında 2-ci yerə çıxdım. Mənim iştirak etdiyim ilk Avropa çempionatı olmağına baxmayaraq finala kimi çox yaxşı şəkildə irəlilədim. Lakin yarım finalda aldığım zədə ucbatından final görüşünə çıxa bilmədim. Ancaq komandamız Avropa çempionu oldu. Mənim isə əsas hədəfim Dünya çempionu olmaqdır".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə