Sadə yığıncaq, yoxsa mənasız dəbdəbəli toy? - ARAŞDIRMA

Hər bir insanın evliliklə bağlı xəyalları olur. Toysuz evlilik olmaz və bu çox önəmli faktordur. Təbii ki, toya da yaxşı hazırlıq görülməlidir. Bu hazırlıqları isə vaxtında etmək çox vacibdir ki, toy vaxtı gəlib çatanda rahat olasınız.

Keçirilən toyların əksəriyyəti bahalı, israfçı məclislərdir və bundan da daha çox əziyyət çəkən elə toy sahiblərinin özləridir. İndi toylarla yanaşı böyük nişanlar və xınayaxdı mərasimləri də dəbə düşüb ki, bu da artıq xərcdir. Doğrudur, bu məclislər əvvəllər də olurdu. Lakin o zaman çox sadə şəkildə, yəni ailə içində kiçik yığıncaq olurdu. Bu gün isə xınayaxdı məclisləri az qala toyları da geridə qoyur. Bahalı restoranlarda, hətta otellərdə belə xınayaxdı məclisləri təşkil edilir.

Qonşularımız olan İran və Türkiyədə toylar çox sadə keçirilir. Hətta burada qazan-qazan yeməklər əvəzinə kiçik atışdırmalıqlar qonaqlara təqdim olunur. Bəs, gəlin görək insanlarımızda bahalı toya olan bu qədər maraq nədən irəli gəlir?

Keçmişdə toylar yeni evlilərə kömək məqsədi daşıyırdı. İndi isə vəziyyət tamamilə fərqlidir. Sanki hər kəs bir-biri ilə bəhsə-bəhs aparır. Hamı bahalı restoran, qeyri-adi təamlar və toya bahalı müğənnilər dəvət etmə dərdindədir.

Ümumiyyətlə, belə hallar nə dərəcədə doğrudur? İnsanın ömründə bir dəfə olan toy sadə, yoxsa dəbdəbəli olmalıdır? Ümumiyyətlə, normal toy necə olmalıdır? Toya hazırlaşarkən nələrə diqqət edilməlidir? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert və psixoloqların fikirlərini öyrənib.

Toy keçirmək üçün əvvəlcədən tarix təyin etmək lazımdır. Sonra toyu harada keçirəcəyinizə qərar verməlisiniz.

Toy tarixi və toy yeri müəyyən olan insanlar hazırlıq görərək toy gününü gözləməlidirlər. Toy gününü gözləyərkən dəvətnaməni çap etdirməlisiniz. Çap olunmuş dəvətnamələr toy tarixindən 2-3 həftə əvvəl qonaqlara paylanmalıdır.

Toy hazırlığı edərkən nələrə diqqət olunmalıdır?

Toya hazırlaşarkən nəzərə alınmalı məsələlər var. Bu məsələlərə diqqət yetirmək çox vacibdir.

1. Görüləcək işlərin siyahısını hazırlayın

Toya hazırlaşarkən ilk işiniz görüləcək işlər siyahısını hazırlamaqdır. Beləliklə, hər şeyi planlı şəkildə həyata keçirə bilərsiniz. Edilənlərin üstündən xətt çəkmək sizə daha rahat olacaq. Həmçinin, nəyisə unutmusunuzsa, onu siyahıya əlavə edə bilərsiniz.

2. Əvvəlcədən seçilmiş gəlinlik və bəy kostyumu

Toyda geyiniləcək gəlinlik və bəy kostyumu əvvəlcədən müəyyənləşdirilməlidir. Bu seçimləri sonraya buraxmaq problem ola bilər. Buna görə də əvvəlcədən etməlisiniz.

3. Toy yeri və tarixinə qərar verin

Toyunuzu nə vaxt və harada keçirəcəyinizə ən azı 5-6 ay əvvəldən qərar verin. Toyunu zalda edəcək insanlar yer tapmaqda çətinlik çəkə bilərlər.

4. Nigahı toydan əvvəl və ya toyda edəcəyinizi qərarlaşdırın

Bəziləri bunu toyda, bəziləri isə toydan əvvəl edir.

5. Fotosessiya etdirməyi unutmayın

Toy günü ən maraqlı situasiyalardan biri də fotosessiya etdirməkdir. Bunu toy günü və ya toydan əvvəl edə bilərsiniz. Lakin toydan əvvəl edilən fotosessiya əlavə xərc deməkdir.

Sosioloq Əhməd Qəşəmoğlu: “Toylarına minlərlə manat pul xərcləyən adamların günah təkcə özündə deyil. Biz o adamları nə qədər tənqid etsək də, bu boşunadır. Çünki hər bir insanın davranışını tənzimləyən 4 mühüm amil var. Birincisi insanın mənəvi, şəxsi və psixoloji xüsusiyyətləri; ikincisi mühit; üçüncüsü aldığı informasiyaların məzmunu və intensivliyi; dördüncü isə üstünlük verdiyi dəyərlərdir.

Sadə toy etmək istəməyən insanlar hətta borc belə götürür. Toydan sonra şadlıq evinin pulunu ödəyə bilmirlər. Hətta restoran sahibi bəy və gəlini girov da saxlayır. Çox biyabrçı bir vəziyyət yaranır.

Sadə toy edənlərə mühit elə bir təpki göstərir ki, insan heyrətə gəlir. Buna görə də toyların sadə olması fərdlərin özündən asılı deyil. Bunun üçün eyni zamanda cəmiyətdə də dəyişiklik olmalıdır.

Toyların bu cür təmtəraqlı olması cəmiyyətdə bir çox neqativ hallara səbəb olur. Çünki insanların orta əməkhaqqı bir ailədə 400-500 manatdır. Belə bir zamanda bir insanı bir ayda 3 toya çağıranda, bu insan maaşını toya yatırmalıdır. Həmin adam bu toylara getmək üçün məcbur qalıb səhv yola gedir. Bu da neqativ hallara səbəb olur. Toy məsələlərimiz eybəcər haldadır. Bu işlə ciddi məşğul olmaq lazımdır.

Ziyalılar dəfələrlə bu məsələlərin üzərinə düşsə də, məmurlar buna imkan verməyib. Sadə və az pulla da yaddaqalan toy etmək olar. Bu məsələ üzərində uzun illərdir danışsaq da heç bir nəticə yoxdur. İnsanlar mənəvi dəyərlərə üstünlük verməlidir, maddi yox”.

Psixoloq Aytən Ələkbərova: “Əgər gənc bir ailənin tək övladı olursa və bu övlad da çətinliklə dünyaya gəlirsə, valideynin normal olaraq onunla bağlı böyük arzuları olur. Bu arzuların ən başlıcası isə ona təmtəraqlı toy etməkdir. Lakin, bəzi hallarda bu arzu ifrat dərəcədə olur. Nəticədə də ortaya böyük bir dəbdəbə gəlib çıxır.

Çox təəssüflər olsun ki, bu toyların əksəriyyəti də boşanma ilə nəticələnir. Daha sonra isə dava-dalaş və qarğışlar baş qaldırır.

Əvvəldən görmüş insan hərşeyi normada etməyi bacarır. Əsas məqam ondan ibarət olur ki, görməyən insan sonradan gördüyü zaman bunun ən dəbdəbəlisini etməyə çalışır. Həmin insan psixoloji olaraq o qədər aclıq çəkmiş olur ki, əlinə pul keçən zaman da daha çox dəbdəbəli olmağa üstünlük verirlər. Görən insanlar isə hərşeyin sadəsinə qaçır. Onlar maksimum sadəliyi seçərək əsas amil olan xoşbəxtliyə üstünlük verirlər”.

SİA mövzu ilə bağlı şəhər sakinlərinin də fikirlərini öyrənib.

Şəhər sakini Paşa Məmmədov: “Düşünürəm ki, toylarda bu qədər dəbdəbə mənasız və yersizdir. Sadəlik yaxşıdır və bu həmişə dəb olub. İnsan toyuna elə hazırlıq görməlidir ki, 20 il sonra həmin görüntüləri övladlarına göstərdikdə utanmasın. Mən hər şeydə sadəlik tərəfdarıyam”.

Şəhər sakini Aliyə Qarayeva: “Təmtəraqlı toy etmək bir o qədər də böyük əhəmiyyət kəsb etmir. Mənim fikrimcə, bu artıq israfçılıqdır. Amma səviyyəli toy, şadlıq evinin səliqə-səhmanı əsas şərtdir. Ömründə bir dəfə olur deyə yadda qalan, səviyyəli toy olunmalıdır. Borca girib camaata özünü göstərmək lazım deyil.

Qeyd edim ki, bunu ən çox tək övladı olanlar edir. Onlar dəbdəbəyə və qeyri-adi toya daha çox üstünlük verirlər”.

Şəhər sakini Aynur Cəbizadə: “Mənim bu haqda fikirlərim çox da müsbət deyil. Fikrimcə hər şeyin qədərində olmağı gözəldir. 5-6 saatlıq toy üçün minlərlə pul xərcləmək düzgün deyil. Həmin pula daha səmərəli vacib işlər görmək olar. O təmtərağa xərclənən külli miqdarda pul ilə ac insanlara, körpələrə, qocalara, xəstələrə kömək etməklə daha düzgün iş görmüş olarıq.

Düzdür, toy ömürdə bir dəfə olur. Amma gərək insan hər şeyi qədərində etsin”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə