Kitabın təqdimat mərasimi keçirilib - YENİLƏNİB-FOTOLAR

Kitabın təqdimat mərasimi keçirilib - YENİLƏNİB-FOTOLAR

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşəbbüsü ilə çap edilmiş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, mərasimdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, ekspertlər, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, kitabda Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, 30 ilə yaxın davam etmiş münaqişəyə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası üçün Prezident İlham Əliyevin apardığı siyasətin müxtəlif aspektlərinə, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərə, 44 günlük Vətən müharibəsinə və onun nəticələrinə həsr olunmuş məqalələr toplanıb. Məqalələr BMTM-in ekspertləri və kənardan cəlb olunmuş mütəxəssislər tərəfindən yazılıb.

Tədbirdə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev çıxış edərək deyib ki, qaçqınlarla bağlı 30 ildir böyük problemimiz var idi: "Münaqişə bitsə də, biz bu problemi unutmamalıyıq. Çünki bu insanların həyatından 30 il oğurlanıb. Onlar müvafiq yerlərdə yaşayıblar. Qaçqınlar öz yerlərinə qayıdıb yeni həyata başlayacaqlar. Amma Ermənistan tərəfindən Azərbaycana vurulan maddi-mənəvi zərbə haqqında daim danışmalıyıq. "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabda olan fəsillər elmi araşdırmadır".

Fərid Şəfiyev qeyd edib ki, Azərbaycanın gündəliyində 4 məsələ var ki, bunlar da sülh sazişi, delimitasiya, dəhlizlərin açılması və iqtisadi əlaqələr məsələsidir. Rusiya-Ukrayna müharibəsi bizim regiona da təsir göstərir. Biz təhlükəsizliyimizi gücləndiririk. Alternativ addımlar da atırıq. Burada qlobal oyunçuların rolu çox vacibdir. Avropa İttifaqının rolu və yanaşması da dəyişib. Paşinyan artıq etiraf edir ki, Avropa İttifaqı onlara Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı təzyiq edir”.

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev isə fikirlərini bu cür ifadə edib: “Məcburi köçkünlər bizim üçün çox əzizdir. Lakin bəziləri onlara edilən güzəştlərdən sui-istifadə edir. Məsələn, evi olan adam evini başqasının adına keçirərək əlavə ev istəyir. Araşdırırıq ki, heç o evdə yaşamır da. Dövlətin məcburi köçkünlərə verdiyi mənzillərlə bağlı monitorinqlər davam etdirilir, həmin evlərdə yaşamayanların siyahısı müəyyənləşdirilir.

Bəzən elə hallar olur ki, məcburi köçkün yataqxanada qeydiyyatda olur, amma başqa yerdən özünə şəxsi mənzil alır. Həmin mənzil isə öz adlarına olmur və yataqxanada qeydiyyatda qalmaqda davam edirlər. Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınırdı. Ancaq biz sonradan görürdük ki, onların bəziləri həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəməyə müraciət etmişik. Vəziyyətdən sui-istifadə edənlər istisna olmaqla digərlərinin bu mənzillərə ehtiyacı var. Mənzil məsələsi cənab Prezidentin qərarlarından irəli gələn məsələdir. Komissiya yaradılıb və bu məsələlərin hamısı komissiya tərəfindən nəzarət edilərək həyata keçirilir.

Böyük Britaniya minatəmizləmə ilə bağlı Azərbaycana dəstək verir. Ancaq biz beynəlxalq ictimaiyyətdən böyük dəstək almamışıq. Böyük Qayıdışa ən böyük maneə mina problemidir. Artıq Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” tikilib qurtarıb və ya qurtarmaq üzrədir. Həmin kəndin sakinləri yaxın vaxtlarda doğma yerlərinə köçürüləcəklər.

Rövşən Rzayev qeyd edib ki, məcburi köçkünlərin uçotunun dəqiqləşdirilməsi və vahid elektron məlumat bazasının yaradılması təmin olunub. Repatriasiya prosesinin çevik və şəffaflıqla aparılmasına imkan verən avtomatlaşdırılmış sistem yaradılıb. Azərbaycan uzun illər dünyada əhalisinin hər 10 nəfərindən 1-i qaçqın və ya məcburi köçkün olan yeganə ölkə olub. Bu kateqoriyadan olan insanların problemlərinin həllinə xüsusi diqqət və həssaslıqla yanaşılıb, həmin məqsədlə hər il 100 milyon manatlarla dövlət vəsaiti xərclənib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə