Kişilər niyə iki telefondan istifadə edir? - SORĞU - MARAQLI MƏQAMLAR

Kişilər niyə iki telefondan istifadə edir? - SORĞU - MARAQLI MƏQAMLAR

Texnologiya günü-gündən inkişaf edir. Bu gün hər kəs smartfondan istifadə edir. Bu istifadə asılılıq səviyyəsindədir. Təəssüf ki, telefonda məhdudiyyətlər qoymağı bilmirik. Telefon bədənimizin ayrılmaz bir hissəsinə bənzəyir. Günümüzdə iki və daha artıq telefon işlətmək xəstəliyi var. Son dövrdə əksər smartfonlar, ağıllı telefonlar iki nömrəlidir. Lakin bəzi insanlar ikinci telefondan başqa məqsədlə istifadə edir.

SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışıb.

Şəhər sakini Kamran Əliyev: “Bəzi insanlar var ki, bir nömrənin həm “Sim”ini, “Cin”ini, “Nar”ını alırlar. Bu səbəbdən də iki və ya üç telefondan istifadə edirlər. Bu nöqteyi-nəzərdən insanların iki telefondan istifadə etməsinə pis baxmıram. Bəli, elə insanlar var ki, ikinci telefonu başqa məqsədlərlə istifadə edirlər və bu, heç düzgün bir hal deyil”.

Şəhər sakini Minirə Mayılova: “İndiki gənclərin bir-birinə qarşı güvəni yoxdur. Çünki insanlar bir-birinə qarşı mütəmadi olaraq yalan danışırlar. Amma əvvəlki dövrdə belə bir şey yox idi. Xəyanət də yox idi. Amma indiki cavanların isə bir-birinə qarşı hörməti yoxdur”.

Şəhər sakini Aqil Rəhimov: “İndiki cavanlar xəyanət belə etsələr, artıq bunu açıq şəkildə bəlli edirlər. Qarşı tərəfə heç bir şəkildə hörmət qoymurlar. Amma keçmişdə belə deyildi. İnsanlar bir-birini sevir, bir-birinə dəyər verirdilər”.

Şəhər sakini Fidan Dövlətova: “Mən ailəli deyiləm. Amma evli kişilərin ikinci telefon işlətməsi düzgün deyil. Əslində bunun bir neçə səbəbi var. Əgər, iş üçün istifadə edirsə, burada heç bir problem yoxdur. Amma başqa məqsədlər üçün istifadə edirsə, bu, artıq yolverilməzdir”.

Şəhər sakini Bəhram Mirişov: “Kişilərin iki və ya üç telefon işlətməsinə çox normal baxıram. Bu çox normal haldır. Mənim də iki telefonum var və bunu ailəm də bilir. Lakin bəzi insanlar da var ki, ikinci telefonu başqa məqsədlər üçün istifadə edirlər. Düşünürəm ki, bu heç düzgün bir hərəkət deyil”.

Şəhər sakini Tükəzban Qayıbova: “Mən yoldaşımda heç vaxt ikinci bir telefon görməmişəm. Düşünürəm ki, xəyanət edən insanın ikinci bir telefona ehtiyacı yoxdur. Çünki xəyanət edən öz telefonu ilə də edər”.

Şəhər sakini Sahil Muradov: “Bir çox adamın ikinci telefonu var. Əgər, ikinci telefonu normal məqsədlər üçün istifadə edirlərsə, burada heç bir problem yoxdur. Mənim ikinci telefonum yoxdur. Düşünürəm ki, bu mənasızdır. Çünki xəyanət edən insan ikinci telefonla yox, elə öz telefonu ilə də xəyanət edər”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə