Mövsümündə yetişməyən çiyələyin zərərləri NƏDİR? - DİETOLOQ AÇIQLADI

"Meyvə və tərəvəzlərin yalnız mövsümündə yeyilməsi məsləhətdir. Məsələn, alça, çiyələk və s. hazırda bunlar parnik meyvələridir. Onlar satılsa da əslində tam yetişməyib". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Leyla Zülfüqarlı deyib.

Onun sözlərinə görə, banan isə sitrus meyvəsidir: "Yəni mövsümündən asılı olmayaraq hər vaxt yeyilə bilər. Çünki banan giləmeyvələrdən fərqli olaraq bəlkə də nadir meyvədir ki, tərkibində protein hissəsi də çoxdur və orqanizmdə qələvi mühiti bərpa etdiyi üçün yəni, yeyilməsində fayda var. Kaliuma olan ehtiyacı biz banan yeyərkən ödəyirik.

Ümumiyyətlə, meyvələrin yeyilməsinin heç bir fəsadı yoxdur. Yalnız mövsümündə daha təbii yetişdirilmiş meyvə-tərəvəzlər yeyilməsi məsləhətdir. Ona görə də faktiki dövrdə artıq az müddət sonra alça və çiyələyin tam mövsümü olacaq.

Leyla Zülfüqarlı sözlərinə belə davam edib: "Biz dönə-dönə vurğulayırıq ki, məhz mövsümündə bu giləmeyvələrdən yeyin. Ümumiyyətlə bunların dövrü çox az müddət, maksimum bir ay olur və ən təbii öz dövrüdür. Ona görə də giləmeyvələrin bu dövrdə yeyilməsi çox faydalıdır. Çünki aydın məsələdir ki, biz vitamin və minerallara olan ehtiyacımızı almış oluruq və daha da çox antioksidantlara ehtiyacımızı məhz bu giləmeyvələrlə ödəyirik. Məsələn, xüsusilə çiyələyi vurğulamaq istəyirəm. Çiyələyin eyni zamanda detoks effekti var. Bildiyimiz bütün vitamin və mikroelementlərlə zəngindir. Daha çox likobinə olan ehtiyacımızı ödəyir. Likobin hüceyrələrin yenilənməsində çox mühüm rol oynayan bir maddədir.

Alça da təbii ki, mövsümündə yeyiləcək. Məsələn, düşünün ki, biz indi aprel ayında portağal, mandarin axtaraq ki, ondan vitamin C alaq. Bu nə dərəcədə düzgündür? Alça və çiyələyin indi yeyilməsi məsləhət deyil, onlar parnikdir.

Mövsümdə olmayanda burada biznes maraqları adına çox şarlatanlar həddən artıq sui-istifadə edib baha satırlar. Təbii ki, cibə uyğun deyil. İkincisi də bunlar təbii deyil, parnik meyvəsidir. Onun bizə ötürəcəyi antioksidant deposu da azdır. Bütün bunlardan orqanizmi qorumaq lazımdır. 10-15 gün səbr edib daha təbii və yetişmiş giləmeyvələri qəbul etsinlər".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə