İstənilən cəmiyyətin gələcəyi təhsildir - MÜSAHİBƏ

İctimai fəal Nərgiz Xələfin SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Gənclər Gününün təsis edilməsindən danışarkən gənclərin inkişafı baxımından hansı işlər görülüb və görülməsi də bundan sonra labüddür?

- Azərbaycan gəncliyi iki il bundan qabaqkı gənclik deyil. Tamamilə ruhunu, əhvalını, formatını dəyişmiş bir gənclikdir. Əslində başlanğıcını Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyan bu gənclər siyasəti artıq Onun hakimiyyətə gəldiyi dövrdən daha da güclənməyə başladı və bu günləri də cənab Prezidentimiz bu siyasəti bütün dövlət siyasətinin vacib hissəsinə çevirir. Bunu da gənclərimiz hiss edir. Mən özüm də 15 yaşımdan gənclər siyasətində, gənclər sektorunda olan bir insan kimi söyləyə bilərəm ki, hələ 2020-ci ilin əvvəllərində vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı tam anlaşılan bir fikir formalaşmamışdı. Amma Azərbaycanın dövlət siyasəti böyük bir iş görmüş oldu. Bu fəaliyyət bütün istiqamətlərdədir. Çoxlu sayda sahibkarlarımızın arasında da biz gənclərimizi görürük. Bu proses əslində başlanğıcını 30 il bundan əvvəl götürmüş bir başlanğıcdır. Nə gözəl ki, bunun nəticələrini biz bütün istiqamətlərdə görürük.

- Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatındakı fəaliyyəti, gördüyü işləri sizi qane edirmi?

- Tam 100 faiz qane edir demək biraz düzgün olmaz. Azərbaycan gəncliyi bütün potensialını ortaya qoyur ki, bu qaneedici nəticə alınsın. Təbii ki, bunun üçün ən vacib bir məsələ bizim gənclərimizin daha təhsilli olmasıdır. Azərbaycanda yerli təhsilin yüksək səviyyədə olmasına çalışılması çox vacib bir məqamdır. Çünki istənilən cəmiyyətin gələcəyi təhsildir. Necə ki, biz Azərbaycan xalqı bunu sübut etmiş oldu. Görüləcək işlər var, az da deyil. Xüsusilə də gənclərimiz öz üzərində mütləq şəkildə daha çox işləməlidir ki, o tam qaneedici bir səviyyəyə gəlib çatsın. Dövlət maksimum dərəcədə çalışır ki, gənclərin aktivliyi onların istəklərinin icrasında yardımçı olsun. Daha çox məsuliyyət bizim gənclərin üzərinə düşür. Çox vacib məqamdır ki, gənclərlə cəmiyyət və dövlət arasında bu körpü daha da güclənsin.

Ümumiyyətlə gənclər sektorunda fəaliyyət göstərdiyimiz 20 il ərzində onu gördük ki, bir çox işimiz də Avropada gənclərlə bağlı məsələlərdə sırf dövlətin nəzarətini elə də çox hiss etmək olmurdu. Yəni, gənclər sanki özləri özbaşına qalırdılar. Amma Azərbaycanda isə biz dövlətin nəzərini, dəstəyini öz üzərimizdə hiss edirdik. Bu daha çox adama özgüvən verir. Bu təcrübə nəticəsində onu gördük ki, bizim gənclər bundan sonra da daha çox beynəlxalq arenada sayılan-seçilən olması üçün bir qədər də öz üzərində işləməsi çox vacibdir.

- Ümumiyyətlə, Azərbaycan gəncliyinin inkişafı üçün həyata keçirilən layihələrin önəmi barədə nə demək olar?

- Bu layihələri əslində iki istiqamətdə demək olar. Həm dövlətin bu istiqamətdə apardığı layihələr, həm də ki, vətəndaş cəmiyyətində bizim gənclərin və ümumiyyətlə vətəndaş cəmiyyətində fəaliyyət göstərən təşkilatlarımızın bu istiqamətdə fəaliyyəti. Bizim gənclərin yetişməyi ilk öncə onların ailəsindən gəlir. Daha sonra məktəb və ali təhsil ocaqlarıdır. Amma vətəndaş cəmiyyətinin bu istiqamətdə böyük bir rolu var. Bu danılmazdır. Nəticə də ondan ibarət idi ki, bizdə elə bir ordu formalaşdı ki, onlar canı ilə, qanı ilə bizim torpaqlarımızı geri aldılar.

- Siz bir ictimai fəal olaraq, gənc olaraq artıq kampaniyalara başlamısınız. Qazilərlə görüşlər keçirirsiniz, onlara mənəvi dəstək göstərirsiniz. Onlarla görüşdə hansı hissləri keçirirsiniz? Təəssüratları nədən ibarətdir? İşğaldan azad olunmuş torpaqlarımızla bağlı hansı fikirləri söyləyirlər?

- Əslində canını, qanını vermiş şəhidlərimizin ailəsinin, qazilərimizin yanında bizim deyəcək sözümüz elə də çox deyil. Onlar artıq əməli, hərəkəti, gördükləri işlə canları ilə Azərbaycana öz borclarını veriblər. Bizlər də bir Azərbaycan vətəndaşı olaraq, vətəndaş cəmiyyətinin bir nümayəndələri olaraq az da olsa bir töhfə verməyə çalışırıq. Bu təbii ki, maddi məsələlərdən deyil. Çünki dövlətimiz bununla bağlı yetərincə lazımi işləri icra edir. Vətəndaş cəmiyyətinin üzərinə düşən iş təbii ki mənəvi məsələdir. Onlara mənəvi dəstək olmaqdır, onların yanında olmaqdır. Onlar bilsinlər ki, hər dəqiqə, hər saniyə Azərbaycanın adi vətəndaşlarından tutmuş bütün vətəndaşlarımız heç bir zümrəsinə baxmadan onların yanındadır. O ki qaldı onlar özlərini necə hiss edirlər? Mən və bizim komandamız kinolardan gördüklərimizi həmin ailələrin hekayələrində dinləyirik.

- Azərbaycan həqiqətlərinin təbliğində gənclərimizin üzərinə düşən məsuliyyət nədən ibarətdir? 20 Yanvar, Xocalı soyqırımı kimi qan yaddaşımız olan hadisələri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirlərmi?

- Bunun üçün əlindən gələni əsirgəmirlər. Əsirgəyənlər də say etibarilə digərlərindən daha azdır. Amma daha çox aktiv olmaq lazımdır və bu iş Azərbaycanın hüdudlarını mütləq şəkildə aşmalıdır. Xaricdə, dünyanın müxtəlif ölkələrində yaşayan çoxsaylı azərbaycanlılarımız var. Mən başa düşürəm ki, onların təhsillərinə başları qarışıq olur. Bunlar hamısı anlaşılan məsələlərdir. Amma milli məsələlərdə, xüsusilə də Azərbaycanın sırf qüruru ilə bağlı elə məsələlər var ki, orada sinəsini yan çəkmək olmaz. Bunun üçün isə zatən işlər aparılır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə