"Şirvanşah" muzey-restoranında BİR GÜN - FOTOREPORTAJ

Bakı şəhərinin mərkəzi küçələrinin birində yerləşən “Şirvanşah” muzey-restoranının çox maraqlı və qədim tarixi vardır. XIX əsrin ortalarında ənənəvi Şərq üslubunda tikilmiş bu bina bir çox tarixi hadisələrin, inqilabların, müharibələrin və çevrilişlərin şahidi olmuşdur. XX əsrin ortalarına qədər Bakının ən böyük hamamlarından biri kimi fəaliyyət göstərmiş bu binadan daha sonrakı illərdə müxtəlif ictimai məqsədlər üçün istifadə olunub. Burada müxtəlif illərdə klub, anbar, emalatxana, ticarət məntəqəsi və s. yerləşib. Yerli əhəmiyyətli tikili hesab olunan bu qədim bina uzun illər təmir olunmamış, baxımsızlıq ucbatından bizim əsrin əvvəllərində demək olar ki, uçulub sökülmüş vəziyyətdə gəlib çıxmışdır. Tamamilə dağılıb məhv olmaq təhlükəsi ilə üzləşən bu bina nəhayət ki, 2005-2013-cü illərdə əsaslı şəkildə təmir və bərpa edilmiş əvvəlki görkəmini özünə qaytara bilmişdir. Binanın ətrafı abadlaşdırılmış uçuq-sökük və qəzalı vəziyyətdə olan qonşu tikililərdən təmizlənmişdir. Milli arkitektura ənənələləri qorunmaq şərti ilə binanın ətrafında karvansaray tipli yeni kompleks yaradılmış əsaslı şəkildə təmir-bərpa işləri aparılmışdır. Bununla da muzeyin ərazisi təxminən üç dəfə genişlənmiş və böyüdülmüşdür. Əlbəttə ki, bu renovasiya idi.

Biz də SİA olaraq bu qədimi tarixi özündən əks etdirən muzey-restorana yollandıq.

“Şirvanşah” muzey-restoranın işçilərinin verdiyi məlumata görə, hal-hazırda şəhərimizin ən gözəl mədəniyyət və istirahət mərkəzlərindən birinə çevrilmiş “Şirvanşah” muzey-restoranı bakılıların və şəhərimizin qonaqlarının tam istifadəsinə verilib: “Hər il buraya minlərlə turist və xarici qonaqlar gəlir, dövlət əhəmiyyətli tədbirlər, ziyafətlər təşkil olunur, muğam axşamları, şeir məclisləri, tanınmış ictimaiyyət nümayəndələri mədəniyyət və incəsənət xadimləri ilə görüşlər keçirilir. Burada qonaqlarımız nəinki Azərbaycanın zəngin milli mətbəxi ilə tanış olmaq muğamlarımız və xalq mahnılarımızı dinləmək, eləcə də xalqımızın qədim mədəniyyəti və məişəti haqqında da məlumat toplamaq imkanı qazanmış olurlar. Fəxr edirik ki, “Şirvanşah” muzey-restoranı beş ulduzlu restoran olaraq nəinki ölkəmizdə, eləcə də bütün Qafqazda birinci onluğa daxil edilmiş, ekspertlər tərəfindən fəaliyyəti yüksək qiymətləndirilmişdir.

Eyni zamanda Şirvanşah muzey-restoranın adı təsadüfi seçilməmişdir. Məlumdur ki, VI əsrdə yaradılmış Şirvanşahlar dövlətinin paytaxtı Şamaxı, XV əsrdən isə Bakı olmuşdur. Bu mənada Şirvanşah həm tarixilik, həm coğrafiya, həm də ictimai-siyasi məzmun baxımından düzgün seçilmiş ad hesab oluna bilər.

Təsadüfi deyil ki, burada nümayiş olunan minlərlə qiymətli eksponat əsasən qədim Şirvanşahlar dövləti ərazisindən tapılmış və toplanmışdır. Burada nümayiş olunan Azərbaycan sənətkarlarının böyük ustalıqla işləyib hazırladıqları XVIII-XX əsrlərə aid qədim saxsı qablar, dulusçuluq nümunələri, tunc dövrünə aid əşyalar, çoxlu sayda bəzək və silah nümunaləri mis qablar, kasalar, sərpuş, səhəng və sərnişlər qədim soydaşlarımızın incə zövqlə toxuduqları xalça, palaz, kilim və sumaxlar rəssamlarımızın müxtəlif dövrləri əhatə edən rəngkarlıq, qrafika, heykəltəraşlıq və karikatura əsərləri hər bir qonaqda xalqımızın mədəniyyəti qədim tarixi və məişəti haqqında təsəvvür yaradır.

Muzeydə Azərbaycan qədim milli adət-ənənələrini göstərən səhnələşdirilmiş guşələr də vardır. Xüsusi sevgi ilə hazırlanmış “Xalçaçı qızlar”, “Bulaq başında”, “Arzu ağacı”, “Bazar”, “Sandıq üstü”, “Dəyirman”, “Dulusçunun emalatxanası”, “Hamamda”, “Foto ateltyedə” və s. bu kimi guşələr sanki qonaqları keçmişə aparır, onları xalqımızın milli adət-ənənəsi, məişəti ilə tanış edir.

Təsadüfi deyil ki, “Şirvanşah” muzey-restoranında xüsusi hazırlanmış bu guşələrdə Azərbaycan xanlıqlara parçalandığı dövr, Çar Rusiyasının tərkibinə daxil olduğu illər, Demokratik Cümhuriyyət dövrü, Sovet Azərbaycanı və əlbəttə ki, müstəqillik dövrümüz əks olunub.

Muzeyimizdə XIX əsrin sonu XX əsrin əvvəllətinin ümumi ab-havasını özündə əks etdirən otaqlardan əlavə müxtəlif sosial təbəqəli insanların yaşam tərzini, məişətini göstərən-ziyalı və ruhani, tacir və əkinçi, kasıb və zəngin azərbaycanlının evlərini xatırladan otaqlar da işlənib hazırlanıb. Burada mömin insanların tələblərinə cavab verə biləcək “Həci İsmayıl”ın evi xüsusi hazırlanmış namaz və dəstəmaz otaqları da var. Dərzi İosif, fotoqraf Semyen, tacir məşədi Feyzullah, Kaxetiya çaxır dükanı, zərgər Musa, Nikolayevski Traktirnaya Telefonnaya və s. bu kimi guşələri seyr edən hər bir qonağımız-bütün dövrlərdə beynəlmiləl şəhəri kimi tanınmış Bakının tolerantlıq mühitini aydın hiss edir.

“Şirvanşah” muzey-restoranının Sovet Azərbaycanı adlandırdığımız hissəsi özündə Azərbaycan Sovet dövrünü əsasən 1920-1950-ci illəri əks etdirir. Burada qonaqlar o illəri xatırladan nadir əşyalarla Sovet dövrü yaşamış Azərbaycan ziyalısının dövlət qulluqçusunun adi fəhlənin məişəti yaşam tərzi və əmək fəaliyyəti ilə əyani şəkildə tanış ola bilərlər. Qəbul otağı “Sovet müəlliminin” otağı, “Mətbəx” otağı, “Qonaq” otağı, “Rəssam” otağı və s. bu kimi xüsusi hazırlanmış otaqlar qonaqlarda Sovet dövrü Azərbaycan vətəndaşının yaşam tərzi, iş və yaradıcılıq fəaliyyəti haqqında təsəvvür yaradır. Bu guşə heç də sovet dövrünə, sovet quruluşuna rəğbət və ya əksinə o illərə tənə etmək məqsədi ilə yaradılmışdır. Bu guşəni hazırlamaqda məqsəd Azərayacan tarixi bizim dünənimiz və bu günümüz haqqında qonaqlarımızda qısa da olsa təsəvvür yaratmaq olmuşdur. Bu da dövründən zamanından quruluşundan asılı olmayaraq bizim öz tariximizə dünənimiz və bu günümüzə hörmətimizdir. Bu tarixi qonaqlarımıza, gənclərə, gələcək nəsillərə çatdırmaq istəyimizdir.

“Şirvanşah” muzey-restoranının əsas girişində afişa dirəyi formasında hazırlanmış guşədə XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakı teatrlarında səhnəyə qoyulmuş opera və dram əsərlərinin və teatr tamaşalarının afişalarını görmək olar. Bu afişalar sırasında ən qiymətlisi görkəmli bəstəkar Üzeyir Hacıbəyov tərəfindən səhnəyə qoyulmuş “Leyli və Məcnun” operasının afişasıdır. Bütün Şərqdə ilk opera olan “Leyli və Məcnun” operasını Ü. Hacıbəyov 1907-ci ildə hələ 22 yaşı olanda yazmışdır.

Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yazılmış opera 1908-ci ildə səhnəyə qoyulmuşdur. Bu zaman Məcnun rolunda Hüseynqulu Sarabski olmuşdur. Təəssüf ki, o illər qadınların səhnəyə çıxması cəmiyyətdə qəbul olunmurdu və bu səbəbdən də Leyli rolunu qadınlar yox, kişilər ifa edirdilər. Afişa dirəyinin arxasındakı pəncərədən bizə baxan çadralı Şərq qadını da sanki bu söylədiklərimizi təsdiq edir. Bu gün bizə təəccüblü görünən Şərq qadınının bu cür yaşam tərzi əslində o illər üçün normal vəziyyət o illərin şəriət qanunlarına tam uyğun olan bir hal idi.

“Hacı Zeynal Abdin Tağıyev” zalı. Bu böyük şəxsiyyətin xatirəsini yaşatmaq məqsədi ilə burada H.Z.Tağıyev otağı adlı bir guşə yaratmışıq. Burada otağın girişində H.Z.Tağıyevə həsr olunmuş rəsm əsərlərini görmək olar. Hacı Zeynal Abdin Tağıyev- azərbaycanlı milyonçu, xeyriyyəçi, mesenat Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biri olmuşdur. “Tağıyev zalı” “Şirvanşah” muzey-restoranının ən işıqlı və klassik tərzdə işlənib hazırlanmış zallarından biridir. Zalda yerləşdirilmiş əşyaların hər biri Hacı Zeynal Abdin Tağıyevin evindəki əşyaların əsasında hazırlanmış və yerləşdirilmişdir. Burada yazı masası, kreslo, pianino, dolab, yumşaq mebel, qablarla dolu antik şkaf müxtəlif ölçülü şamdanlar və vazalar, qədim qramafon və digər əşyaları görmək olar. Divardan asılmış köhnə ailəvi fotolarda Tağıyevin tikdirdiyi binalar, şəxsi mülklərindən görüntülər, ailə üzvləri həmkarları və dostları ilə birgə xatirə anları əks olunub. Zalın yuxarı hissəsində tanınmış rus rəssamı İ.Brodski tərəfindən 1912-ci ildə çəkilmiş Tağıyevin portreti asılıb. Əsrin əsli isə H.Z.Tağıyevin ev muzeyində qorunub saxlanılır. Bu otağı hazırlamaqda əsas məqsədimiz vətənini və xalqını sevən tərəqqipərvər maarifçi və zəngin daxili mədəniyyətə malik H.Z.tağıyevin əziz xatirəsini yaşatmaq, böyük şəxsiyyətin xalqının maariflənməsi üçün etdiklərini, onun xeyriyyəçilik fəaliyyəti və xidmətləri haqqında muzeyimizin qonaqlarına, gənclərə və gələcək nəsillərə məlumat vermək olmuşdur.

“Şirvanşah” muzey-restoranının Sovet Azərbaycanı adlandırdığımız hissəsi özündə Azərbaycanın Sovet dövrünü əsasən 1920-1950-ci illəri əks etdirir. Bu guşəni hazırlamaqda əsas məqsəd Azərbaycan tarixi bizim dünənimiz və bugünümüz haqqında qonaqlarımızda qısa da olsa təsəvvür yaratmaq olmuşdur. Min illlikləri əhatə edən Azərbaycan tarixində sovet quruluşu cəmi 70 il mövcud olmasına baxmayaraq biz bu tarixmizə də hörmətlə yanaşırıq və qətiyyən bu dövrü qaralamaq və ya silib atmaq istəmirik. Çünki bu bizim yaxın keçmişimizin tarixmizin bir parçası valideynlərimizin yaşayıb yaratdıqları dövrdür.


1. “Dəhliz”
Sovet Azərbaycanı adlandırdığımız bu guşədə divarda plakatlar, fotolar həmçinin Vətən müharibəsi zamanı əsgər və zabitlərin təltif olunduğu orden və eləcə də medallar əks olunmuşdur. Nadir eksponantlardan biri də dəhlizin girişində qoyulmuş radioqəbuledicidir. Bu radioqəbuledicini pultla işləyən radioların ilk prototipi adlandırmaq olar. Burada sovet dövrünün ilk illərində kənd təsərrüfatında istifadə olunan dəmir kotan o illərə aid pianino qramafon eləcə də kitab rəfi və iş masası yerləşdirilmişdir. Dəhlizin sonunda isə general-leytenant rütbəli sovet hərbiçisinin formasını və digər əşyaları görmək olar.


2. “Qonaq otağı”
Otaqda Azərbaycan yazıçısının yaşayıb-yaratdığı mühitlə tanış olmaq olar. Otaqdakı irəli həcmli kamin, ərzaqla dolu olan soyuducu, mətbəx bufeti eləcə də otağın yuxarı hissəsindəki iş masası dəri divan və stolüstü əşyalar 50-ci illərin tipik yaşayış mənzilini xatırladır. Divarda Azərbaycan yazıçı və şairlərinin fotolarını, eləcə də Azərbaycanın tanınmış rəssamlarının müəllifi olduqları əsərləri görmək olar.


3. “Rəssam otağı”
Otaq Azərbaycanın ilk xalq rəssamı karikatura ustası Əzim Əzimzadənin xatirəsinə həsr olunub. Otaqda rəssamın müəllifi olduğu karikaturalar, plakatlar və satirik rəsmlər eləcə də onun həyat və yaradıcılığını əks etdirən fotolarla tanış olmaq olar. Bütün müsəlman Şərqində ilk satirik jurnal olan Molla Nəsrəddin jurnalının baş rəssamı olmuş Ə.Əzimzadə hər bir əsərində fanatizmlə yalaçı mollalarla, savadsızlarla, məmur özbaşınalığı ilə mübarizə aparmışdır. Otaqda Ə.Əzimzadənin ev muzeyində qorunub saxlanılan əşyaların - iş masası, malberti, kitab rəfi, stullar və digər əşyaların bənzərləri yerləşdirilib. Burada rəssamın iş otağının onun emalatxanasının oxşar mühitini yaratmağa cəhd olunub.


4. “Müəllim otağı”
Otaqda sıravi Azərbaycan müəlliminin işlədiyi yazıb yaratdığı mühitlə tanış olmaq olar. Burada müəllimin iş masasını, kitab rəfi, istifadə edə biləcəyi əşyaları və müxtəlif elmi-bədii ədəbiyyat nümunələrini görmək olar.


5. “Mətbəx otağı”
Otaqda qonaqlar sıravi sovet vətəndaşının mətbəx şəraiti ilə tanış ola bilərlər. Burada o illərin qaz peçi, sobası və mətbəx masası yerləşdirilmişdir. Rəflərdə evdar qadınların mətbəxdə istifadə etdikləri müxtəlif növ əşyalar, ərzaqla dolu balonlar və qablar müxtəlif ölçülü qazanlar və s. mövcuddur.

Eyni zamanda burada muğam zalı var və burada hər gün canlı muğam ifası olur.

Bura isə əvvəllər küçə olub, “Təzə Pir” küçəsi. Buradakı afişaların 80 faizi orijinaldır.

Sağ-sol tərəflərdə divarlarda sinilər yerləşdirilib. Böyük sinilərin həcmi 5-7 kq, kiçiklər isə 3-4 kq təşkil edir. Bizim işçilərimiz də bu sinilərlə xidmət göstərirlər.

Bura isə xan zalıdır. Ümumi tutumu 150 nəfər olsa da, pandemiya ilə bağlı olaraq hazırda bu zalda 80 nəfər qonağımızı qarşılaya bilirik.

Səhənglər isə iki cürdür. Uzun və qısa boğaz səhənglər mövcuddur. O zamanlar qızlar bulaq başına gedəndə kişilərin seçim edə bilməsi üçün evli qadanlar uzunboğaz səhəng, subaylar isə qısaboğaz səhənglər götürərlərmiş.

Bu qapı isə 250 illik bir tarixə malik qapıdır. O zamanlar kişinin qadına qapı açmasına pis baxıldığına görə kişilər gələndə sol tərəfi, qadınlar gələndə isə sağ tərəfi döyərdilər. Qapının hündürlüyü isə göründüyü kimi alçaqdır. Bunun səbəbi isə içəri girən insanın başını əyərək girməsini təmin etmək olub”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə