Strateji tərəfdaşlıq - MƏQALƏ

İyulun 18-də geniş tərkibdə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin birgə mətbuat konfransı olub. Görüşdə Azərbaycan-Avropa İttifaqı siyasi əlaqələrindən məmnunluq ifadə olundu, ticarət əlaqələri, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Cənubi Qafqazda əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Şarl Mişelə azad edilmiş torpaqlarda gedən işlərlə bağlı məlumat verdi, postkonflikt vəziyyət barədə danışdı.

Görüşdə, eyni zamanda, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında əlaqələrin perspektivləri barədə fikir mübadiləsi apardılar.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycana səfəri tərəfdaşlığımızın göstərcisidir. Əməkdaşlıq çərçivəsində uzun illərdir müxtəlif sahələrdə birgə işlər görülür. Eyni zamanda, əməkdaşlığın şaxələndirilməsi üçün çox yaxşı əsaslar mövcuddur. Şarl Mişelin Qafqazın 3 ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, ölkəmizin gündəliyinə tam uyğundur.

Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır. Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Ötənilki ticarət dövriyyəsi 9,5 milyard ABŞ dolları idi. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Üzv dövlətlərdən 1700-dən çox şirkət Azərbaycanda fəaliyyət göstərir. Bu, həmçinin bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirir. Azərbaycan üzv dövlətlərlə ikitərəfli əlaqələrdə çox fəaldır. Azərbaycan Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Beləliklə, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.

Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

“Şərq Tərəfdaşlığı ölkələrinə səfərim Avropa İttifaqının bu regionda apardığı işin mesajıdır. Bu, tərəfdaşlarla dialoq nəticəsində Avropa İttifaqının imkanlarını, resurslarını səfərbər edərək və Şərq Tərəfdaşlığına aid tərəfdaşların fərqli gözləntilərini bilərək, bizim regiondakı təhlükəsizliyə, sabitliyə, çiçəklənməyə sadiqliyimizdən irəli gəlir.”

Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan və Ermənistanla bağlı vəziyyətdən danışan Şarl Mişel Prezident İlham Əliyevə müraciətlə deyib: “Bu səfərdən öncə, bir neçə həftə əvvəl, bizim regional vəziyyətin təhlili ilə bağlı fikir mübadiləsi aparmaq üçün dəfələrlə telefon söhbətimiz oldu. Mən götürülmüş öhdəliklərə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Onlar atılan ilk addımlar oldu. Bu halda, bir tərəfdən mina xəritələrinin olması və digər tərəfdən, mühüm məsələ hesab edilən məhbuslar məsələsidir. Birinci mərhələdə, bu, öz həllini tapdı. Ümid edirik ki, yaxın vaxtlarda qeyd edilən məsələ ilə bağlı digər mərhələlər də baş tutacaq”.

Avropa İttifaqı Şurasının Prezidenti qeyd edib ki, Avropa İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri dəstəkləməyə hazırdır. “Məsələn, sərhədlərin delimitasiyası məsələsidir və bunun üçün biz Avropanın ekspert yardımını göstərməyə, lazım olarsa və arzu edilərsə, Avropa monitorinqini etməyə hazırıq. Sərhədlərin delimitasiyasına gəldikdə, həmçinin mübahisə doğuran zonalara yaxın yerləşmiş silahlı qüvvələr məsələsi də var. Hesab edirəm ki, bu mövzu da müzakirə edilməlidir”, - deyə Şarl Mişel vurğulayıb.

İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və bizim ilkin hesablamalarımıza görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının “Doing Business” hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.

Dövlətimizin başçısı qeyd edib ki: “Cənab Prezidentin Cənubi Qafqazın üç ölkəsinə səfəri Avropanın iştirakını, Avropa gündəliyini nümayiş etdirir və bu, bizim gündəliyimizə tam uyğundur. Bu məsələdə də bizim fikirlərimiz üst-üstə düşür və əlbəttə ki, bağlılıq və işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf hər zaman aramızdakı gündəlikdə olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, Avropa İttifaqı ilə güclü tərəfdaşlıq və əməkdaşlıq uğurla davam etdiriləcək.

Səbinə Şahverdiyeva

Xəzər rayonu, 181 nömrəli tam orta məktəbin “İlk partiya təşkilatı”nın sədri

Bütün xəbərlər Facebook səhifəmizdə