Azərbaycan müstəqillik əldə etdikdən sonra Sovet illərində unudutdurulmuş və ya qadağan edilmiş bir sıra milli və dini bayramlarımız rəsmi qaydada qeyd olunmağa başlandı. Belə xalqımızın böyük dəyər verdiyi və əsrlərə söykənən dini bayramlarından biri də Qurban bayramıdır.
Bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramı xalqımız tərəfindən hər zaman xüsusi hörmətlə qeyd edilib. Bu gün də sirr deyil ki, ölkəmizdə dövlət səviyyəsində qeyd olunan bu bayram xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir.
Ümumiyyətlə azərbaycanlıların və dövlətimizin mənəvi dəyərlərə həmişə xüsusi önəm verməsi təqdir olunmalıdır. Bu xüsusda Qurban bayramını da heç zaman unudulmayan mənəvi miraslarımızdan biri saymaq olar. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yarandı. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilib. Müxtəlif dini konfessiyaların nümayəndələri də müqəddəs bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bütün bunlar təbii ki, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Biz nə qədər mənəvi cəhətdən bir, güclü, həmrəy olsaq, bir o qədər də dünyada qüdrətli bir xalq və dövlət olaraq önə çıxarıq.
Xalqın mənəvi birliyindən söz açarkən şübhəsiz ki, multikultural dəyərlər və tolerantlığı da vurğulamaq yerinə düşər. Bu gün Azərbaycan dünyada nadir “tolerantlıq adası” kimi öz adından söz açdıra bilib. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Qurban bayramını bütün dini konfessiyalar, ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri ilə birgə qeyd etməyimizin özü belə ideal tolerantlıqdan xəbər verir!
Təəssüf ki, qloballaşan dünyamızda bəzən ölkə rəhbərləri dəyişəndə cəmiyyətdə yeni qaydalar, mental dəyərlər peyda olur, beləcə bir sıra mənəvi dəyərlər də sıradan çıxarılmış olur. Bu xüsusda dini bayramlar və adətlər də ən çox zərər görən mənəvi dəyərlər sırasındadır. Azərbaycanda isə dini bayramlarla bağlı siyasi varislik – ənənələrin davamı və inkişafını müşahidə etmiş oluruq. Belə yerdə xatırlatmaq yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev hər zaman dini bayramlarımıza xüsusi önəm verib. O hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik edir bayramlarda tez-tez din xadimləri ilə təmaslar qururdu. Ulu Öndərin müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirməsi də bu gün ən çox təqdir olunan məqamlardan sayılır.
Yeri gəlmişkən Qurban bayramlarından birində Ulu Öndərin xalqa müraciətindən bir məqamı xatırlatmaq istərdim. Heydər Əliyevin həmin müraciəti zamanı torpaqların azad olunacağı günün uzaqda olmadığını əminliklə ifadə etməsi Vətən müharibəsinin hələ illər öncə görməsindən xəbər verirdi: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”;
Günümüzdə ulu öndərin bu ənənəsi Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və onun müraciətində bütün cəmiyyətimizə xoş arzular çatdırılır.
“Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək,
Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”,-deyən ölkə başçısı xalqımıza ən xoş arzu və fikirlərini çatdırır.
Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən cənab Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etməsi isə İslam aləminə, ənənəsinə, dini dəyərlərə və keçmişimizlə bu günümüzə verilən böyük dəyər idi!
Ölkəmiz yalnız daxildə deyil, xarici siyasətdə də hər zaman dəyərlərin öndə tutulmasını nümayiş etdirir. Artıq uzun illərdir ki, dövlətimiz İslam mədəniyyətinin inkişafına böyük töhfə verir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş edib. Buna nümunə olaraq onlarla fakt göstərmək olar. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdı. Yeri gəlmişkən, bu mühüm beynəlxalq yarış İslam aləmində həm xalqımızın, həm də ölkəmizin təbliği istiqamətində böyük rol oynadı.
Azərbaycan illərlə gücləndi, qurduğu ideal cəmiyyət daha da milli və dini dəyərlərə önəm verməyə başladı. Məhz mənəvi dəyərlərə verilən yüksək dəyər amili də ölkəmizdə vətənpərvər gənclər ordusunun yetişməsində öz sözünü dedi. Həmin gənclər ordusudur ki, ötən il Vətən müharibəsində xalqımıza zəfər bəxş etdi. Ümumiyyətlə Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.
Azərbaycanın bu dəfə ki Qurban bayramı fərqli əhvalda, Zəfər əldə edən, qalib xalqın keçirəcəyi bir abu-havada qeyd ediləcək!
Jalə Həsənova
Şaqan Reabilitasiya Pansionatı PHŞ-nin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB