Bölgələrdə kirayə evlər niyə bahadır? - DEPUTAT ŞƏRH ETDİ

“Yay fəsilin gəlişi, işləyənlərin məzuniyyətlərə çıxması və pandemiya ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlərin aradan qalxması turizm sektorunun canlanmasına öz təsirini göstərib. Biz bilirik ki, bir çox xarici ölkələrə səfər etmək çətinliyi hələ də qalmaqdadır. Yəni, quru və dəniz sərhədlərində müəyyən məhdudiyyətlər qaldığından insanlar qonşu ölkələrə avtomobillə səyahət edə bilmirlər. Təyyarə ilə səyahət etmələrinə də hamının maddiyyatı imkan vermir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu kimi səbəblərdən vətəndaşlarımız daha çox bölgələrə üz tuturlar və istirahətlərini ölkəmizdə keçirməyə üstünlük verirlər: “Onu da qeyd edim ki, bölgələrimizdə hər cür şəraiti olan yüksək səviyyəli istirahət mərkəzləri yaranıb. İnsanların yay fəsili ilə əlaqədar bölgələrə səfərlərin artması bölgələrdə kirayə verilən evlərin qiymətlərinə də öz təsirini göstərib. Tələb təklifdən üstün olanda təbii ki, qiymətlərdə artım olur”.

Deputat sözlərinə belə davam edib: “Rayonlara istirahətə getmiş aşağı büdcəli insanlara istirahət mərkəzlərində gün hesabı ödəniş edib qalmaqdansa aylıq kirayə götürüb fərdi evlərdə qalmağına üstünlük verirlər. Rayonlarda kirayə evlərə təlabatın çoxalması qiymətlərin artmasına da öz təsirini göstərib. Təbii ki, bu yay fəslinin gəlməsi ilə bağlıdır. Düşünürəm ki, payız fəsli gələndə kirayə evlərin qiymətlərində yenidən ucuzlaşmanı müşahidə edəcəyik”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə