Erkən evlilik: səbəbləri və nəticələri - ARAŞDIRMA

Ekspertlər erkən nikahların artmasını nə ilə əlaqələndirir və nə təklif edirlər?

Son illərdə bu haqda mediada olduqca çox yazılır, qəzet və xəbər saytlarında bu mövzuya geniş yer ayrılır, televiziyalar bu barədə çox proqram və sujet hazırlayır. Qanunlarımız erkən evliliyin əleyhinədir. Amma nə fayda, aramızda elə valideynlər var ki, övladını mümkün qədər tez “baş-göz” etməyə çalışır. Bu yazımızda erkən evliliyin səbəbləri və nəticələrinə, həmçinin bu prosesi necə tənzimləmək lazım olduğuna toxunacağıq.

Erkən nikah sindromu nədir?

Əvvəlcə qeyd edək ki, uşaq yaşda evləndirmə uşaq hüquqlarının pozulması ilə bərabər həm də cinsi istismar deməkdir. Bundan başqa, erkən yaşda evləndirilən uşaqların nəsil artırma və sağlamlığında böyük problemlər yaranır. Həkimlər xəbərdarlıq edir ki, yetkinlik həddinə çatmamış qızların evlənməsi onların və doğulacaq övladlarının sağlamlığı üçün ciddi problemlər yaradır.

Bu zaman əksər hallarda ya ana və uşaq ölümü baş verir, ya da dünyaya gələn uşaqlarda müxtəlif psixi və fiziki problemlər olur. Çünki qızların fizioloji cəhətdən formalaşması 18 yaşadək tamamlanır. Məlumat üçün bildirək ki, son bir neçə ildə 15-16 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50 faiz artıb.

Eləcə də, oğlanların 20 yaşdan əvvəl evləndirilməsi həm həkimlər, həm də psixoloqlar tərəfindən doğru hesab edilmir. Ümumdünya Səhiyyə Təşkilatı da eyni yaş göstəricilərini evililik üçün optimal yaş olaraq təsbit edir. Evlilik üçün optimal yaş oğlanlarda 20-25 arası, qızlarda isə 18-23 arası qəbul olunur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə görə, nikah yaşı 18 yaşdır. İstisna hallar olduğu zaman nikaha daxil olmaq istəyən, lakin nikah yaşına çatmamış şəxslərin xahişilə nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Deməli, qanunlarımız 17 yaşlıların ailə qurmasına imkan verir. Qeyd edək ki, Ailə Məcəlləsində həm də 18 yaşına çatmayanlar uşaq sayılır.

Azərbaycanda erkən evlilik niyə artır?

Bir zamanlar ölkəmizin yalnız cənub bölgəsinin və Bakıətrafı kəndlərin problemi olan erkən nikahlar bu gün bütün Azərbaycanı cənginə alıb. İndi Azərbaycanın bir çox bölgəsində 14-15 yaşda, hətta bəzən 13 yaşlı qızların ərə verilməsi adət halını alıb.

Daha çox qızların istismarı diqqət cəlb edir. Tez-tez mediada belə faktlarla bağlı xəbərlər yayılır. Bu kimi hallar əslində, çox olur, bizim bildiklərimiz sədəcə medianın xəbər tutduqlarıdır.

Bu hallar azalmaq əvəzinə getdikcə artır. Əgər 1960-cı ildə 18 yaşa qədər qızlar arasında nikaha girənlərin sayı təxminən 2 minə çatırdısa, son illərdə bu rəqəm 6000 nəfəri keçir.

Sovet dövründən sonra bizim ölkəmizdə də adi hala çevrilən erkən nikah bir çox valideynlər üçün ən əlverişli seçim hesab edilir. Dövlət və qeyri-hökumət təşkilatlarının apardıqları sorğularda iştirak edən valideynlərin 70%-dən çoxu bunu normal qarşılayır.

Məsələn, Sağlam Cəmiyyət Hərəkatının (SCH) ötən ilin sonunda gənclər arasında keçirdiyi kiçik sorğunun nəticələri vəziyyəti ortaya qoyur. Sorğuda iştirak edən respondentlərin 75 faizi 16-17 yaşda evlənməni normal sayıb. Maraqlıdır ki, bu faizi təşkil edən 30 nəfərin 23-ü dindar olduğunu bildirib.

Valideyn: “Mənim çəkdiklərimi balam çəkməsin”

Güllü Alməmmədova şəxsən tanıdığım biridir, uzaqdan qohumluğumuz da var. Həyat yoldaşı vəfat edib, 2 oğul, 1 qız anasıdır. Qızını 16 yaşı bitməmiş ərə verdi. Kürəkəni az qala özü ilə yaşıddır. Uşaqlıqdan Rusiyada yaşayan kürəkən valideynlərinin təkidi ilə vətəndə evlənməyə gəlib. Qızı göstəriblər, bəyənib, elçi düşüb.

16 yaşlı Asya nişanlısı ilə toydan bir gün qabaq tanış olub, anasının ona yazdığı taleyi qəbul edib. Artıq 3 ildən çoxdur ki, evlidirlər. Həyat yoldaşı biznesmendir. 2 il Rusiyada yaşadılar, sonra vətənə köçdülər. Bir hamiləliyi yarımçıq olub, ikinci uşaq ölü doğulub, indi 19 yaşı var, üçüncü dəfə hamilədir.

Erkən nikahlar barədə bu yazıma başlayandan sonra onunla əlaqə saxladım, hal-əhval sordum. İçini çəkdi, “anam məni bədbəxt elədi” dedi. Sonra sakit səslə əlavə etdi: “Kaş o vaxt etiraz edəydim, evlənməyəydim, nə iki uşağımı itirməzdim, nə də “varlı bədbəxt” olmazdım”…

15 yaşlı hamilə qızın məcburi evliliyi

Xatirə (ad şərtidir) ilə sosial şəbəkədə tanış oldum, 28 yaşı var. Qızı 3-cü sinifdə oxuyur. Birinci söhbətimizdə marağıma səbəb olan rəsminə işarə edərək yanındakı qızı sordum, “bacınmı?” dedim. Söhbət pəncərəsinə öncə “))” işarəsi yazdı, bu virtual gülüş işarəsidir, sonra da “((“- virtual qəm işarəsi yazdı. Ardınca da “yox, qızımdı” qeyd etdi.

Öz həyatından danışdı. Ziyalı bir ailədən olduğunu, hər iki valideyninin mühəndis olduğunu dedi. Məlum oldu ki, indiki həyat yoldaşı ilə məcbur olduğu üçün evlənib. Tanış olanda 15 yaşı varmış, bir il görüşüblər, 16 yaşı olanda məlum olub ki, 2 aylıq hamilədir. Əlacsız qalıb oğlana qoşulub qaçıb, evləniblər. Amma qeyri-rəsmi evlilik olub, nikahsız. Qızları, ardınca da oğlu doğulub.

“Hər iki hamiləliyim çətin keçib, neçə cür xəstəlik yarandı. Uşaqlarıma yaxşı ana ola bilmirəm, psixoloji cəhətdən buna hazır deyiləm. Kaş o vaxt bunları düşünəydim”- deyən Xatirəyə söhbətimizi yazıma daxil edəcəyimi dedim.

Etiraz etmədi, amma adını yazmamağı xahiş etdi və söhbətimizi tamamladı: “Hamı elə bildi ki, uşaq 7 aylıq doğulub, daha bilmədilər ki, evlənəndə 2 aylıq hamiləydim. İndiyə qədər də həyat yoldaşımla məndən başqa heç kim bilmir”.

Sosioloq: “Maddi problemlərin payı daha çoxdur…”

Sağlam Cəmiyyət Hərəkatının eksperti, sosioloq Nübar İsmayılovanın fikrincə, qızlar üçün nikah yaşının yuxarı qoyulması problemin həlli deyil, bununla erkən nikahın qarşısını almaq mümkün deyil: “Əvvəlcə, azyaşlıların təhsildən yayındırılmasına və erkən nikahların yaranmasına səbəb olan problemlər araşdırılmalıdır. Bu problemlər ilk növbədə sosial problemlərlə əlaqədardır. Ailələrdə işsizlik aradan qaldırılsa, ailə büdcəsinin gəlirləri artsa, erkən nikah problemi olmayacaq. Yaş həddini yuxarı qoymaqla bir şeyə nail olmaq olmaz, yenə qeyri-rəsmi nikahların sayı artacaq. Qanunlarımızı hansısa ölkənin qanunvericiliyinə uyğunlaşdırmaq əvəzinə, sosial problemlərin həllinə çalışmalıyıq”.

Sosioloq deyir ki, statistika da bunu göstərir: “Bir müddət əvvəl Dövlət Statistika Komitəsinin keçirdiyi “Qızların erkən nikaha daxil olması və rəsmi nikahdan kənar doğum hallarının öyrənilməsinə dair” statistik müayinədə maraqlı nəticələr əldə olunmuşdu. 50 yaşadək 19711 qadının iştirak etdiyi sorğunun nəticələrinə görə, qadınların 37 faizi 18 yaşa çatmamış, 29 faizi 18-19 yaşlarında, 25 faizi 20-24 yaşlarında, 6 faizi 25-29 yaşlarında, 3 faizi isə 30 yaşdan yuxarı nikaha daxil olublar. Erkən yaşda ailə qurmuş qadınların 39 faizi şəhər, 61 faizi kənd sakinləridir.

18 yaşınadək ərə gedən qadınların 37 faizi öz istəyi ilə, 26 faizi valideynlərinin təzyiqi altında, 11 faizi ailənin maddi vəziyyətinin çətin olduğundan, 8 faizi ərinin maddi cəhətdən imkanlı olmasına görə, 6 faizi qaçırıldığına, 2 faizi hamilə olduğuna görə, qalan 10 faizi isə digər səbəblərdən erkən nikaha daxil olublar. Göründüyü kimi, yarıya yaxını ailələrin təzyiqi və sosial problem səbəbindən erkən evliliyə qol qoyublar”.

Psixoloq: “Əsas səbəblər savadsızlıq və imkansızlıqdır”

Psixoloq Arzu Bayramova deyir ki, bu kimi problemlər həmişə olub, bundan sonra da olacaq: “Bizim cəmiyyətin ən mənfi cəhəti odur ki, gördüklərimizdən nəticə çıxarmağı bacarmırıq. Biz bu faktları görə-görə yenə eyni şeyləri etməyə davam edirik. Araşdırmalar və adi müşahidələr zamanı məlum olur ki, oğlanlardan daha çox qızlar erkən nigaha həvəs göstərirlər. Buna birinci səbəb kimi yeni həyata başlamaq istəyi göstərilir. Digər bir səbəb isə maddi sıxıntılardır. Ata evində maddi problemlər yaşayan yeniyetmə qızlar qarşısına çıxan ilk imkanlı şəxsə “hə” deyir. Bu zaman yaş, mənəvi və fiziki göstəricilər o qədər də önəm daşımır.

Digər bir səbəb də qızların nikahdankənar hamilə qalması problemidir. Valideynlərindən gizlin sevdiyi və ya xoşlandığı kişi ilə görüşən yeniyetmə qız hamilə qalır və çarəni evdən qaçmaqda görür. Bu hallar şəhərlərdə daha çox baş verir”.

Psixoloq hesab edir ki, bu məsələnin təkcə maarifləndirmə yolu ilə həlli mümkün deyil: “Çünki problemin kökündə daha savadsızlıq və imkansızlıq dayanır. Buna görə də, cəmiyyətdə sosial problemlərin həllinə və savadlanma dərəcəsinin yüksək olmasına çalışmaq lazımdır.

Milli genefondumuz zədələnir

Ekspertlər hesab edirlər ki, erkən evliliklərin reqallaşmasında valideyn savadsızlığı da rol oynayır. Statistikaya görə, regionlarda erkən yaşda ərə gedən qadınların atalarının 22 faizi, analarının 13 faizi ali və orta ixtisas təhsilə, üçdə ikisi ilk peşə-ixtisas və tam orta təhsilə, müvafiq olaraq 12 və 19 faizi ümumi orta təhsilə malikdir.

Nəticədə, yeniyetmə qızların ərə verilməsi halları getdikcə artır. Belə qızlar bizim ölkəmizdə bir deyil, iki deyil, minlərlədir. Savadsız valideynin oduna düşən, həyatı məhv olan asyalar da var, savadlı valideynin öyüdlərinə, nəsihətlərinə qulaq asmayıb həyatını puç edən xatirələr də.

Məlumat üçün bildirək ki, övladlarını erkən nikah bağlamağa məcbur edən valideynlər həm inzibati, həm də cinayət məsuliyyəti daşıya bilər, problem getdikcə ağırlaşdığından Cinayət Məcəlləsində bu barədə dəyişikliyin olacağı da istisna deyil. Çünki bu, əslində, milli əhəmiyyətli strateji məsələdir, erkən evlilik son nəticədə milli genefondun zədələnməsinə səbəb olur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə