Milli Məclis sədrinin müavini qanvermə aksiyasında iştirak edib - FOTOLAR

Bildiyiniz kimi, Azərbaycanda COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi və Qarabağ müharibəsindən sonra yaranan problemlərlə bağlı olaraq ölkənin qan ehtiyatlarında müəyyən qədər azalma baş verib. Buna görə müxtəlif vaxtlarda səhiyyə təşkilatları tərəfindən qanvermə ilə bağlı çağırışlar edilib. Çünki, qan ehtiyatlarının azalması, xüsusilə qana ehtiyacı olan xəstələrin səhhətində çox ciddi problemlər yaradır, onların sağlamlığını risk altında qoyur.

Ayrı-ayrı vaxtlarda Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən qanvermə aksiyası kimi nəcib təşəbbüsə bu gün Milli Məclis Sədrinin müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev və millət vəkili, Gənclər və İdman Komitəsinin üzvü Şahin Seyidzadə də qoşulublar. Komitə tərəfindən “Yaşatmaq yaşamaq qədər gözəldir” şüarı altında növbəti dəfə qanvermə aksiyası təşkil edilib. Mərkəzi Qan Bankında baş tutan aksiyada təxminən 200-ə yaxın idmançılar və gənclər iştirak ediblər. Tədbir zamanı bütün tibbi-profilaktiki tədbirlər nəzərə alınıb, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrində nəzərdə tutulan şərtlərə əməl edilib.

Aksiyada iştirak edən vitse-spiker Adil Əliyev qana ehtiyacı olan xəstələr, müharibədə zədə alan yaralı və qazilərimiz üçün bu tədbirin keçirilməsinin zəruri olduğunu bildirib. Aksiyanın keçirilməsi üçün məhz bu günün – yanvarın 19-nun seçilməsinin təsadüfi olmadığını vurğulayıb. Çünki, sabah bütün xalqımız – qanlı 20 Yanvar hadisəsində şəhid olan insanların 31-ci anım gününü qeyd edəcək. Adil Əliyev 20 Yanvar şəhidləri ilə yanaşı, torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü, Konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən bütün insanlara Allahdan rəhmət diləyib. Milli Məclis Sədrinin müavini ölkə başçısının “Biz birlikdə güclüyük” şüarını rəhbər tutaraq hər kəsi qanvermə aksiyasında iştirak etməyə dəvət edib, aksiya zamanı mövcud karantin qaydalarına riayət etməyi, qan vermək istəyən şəxslərin Qan bankının ölkəmizin müxtəlif regionlarında yerləşən bölmələrinə müraciət etməsini tövsiyə edib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə