Cənubi Qafqazda demoqrafik balans: Kimin xeyrinədir? - ANALİZ

Azərbaycan-Gürcüstan-Ermənistan: demoqrafik vəziyyət haqda hesabatlar və proqnozlar nə göstərir?

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda demoqrafiq proseslər ziddiyyətli templə inkişaf edib. Bölgədə ümumi əhali sayı 2 milyon nəfər artsa da, bu, 3 respubikaının sayəsində baş verməyib. Belə ki, təkcə Azərbaycanda əhali 3 milyon nəfər artıb, digər ikisində isə artım baş verməyib, əksinə 1 milyon nəfər azalıb, beləliklə də, regionda əhali sayı dəyişməsə də, ölkələr arasında balans xeyli dəyişib. Bəs bu necə mümkün olub? Bu yazıda son 30 ildə Cənubi Qafqaz respublikalarını demoqrafik proseslərin fonunda müqayisə etməyə çalışacağıq.

Cənubi Qafqazın son 30 ildəki demoqrafiyası

BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 30 il ərzində əhalinin ümumi 3 milyon nəfər artıb. 1990-cu ildə bölgənin 3 respublikasında- Azərbaycanda 7, Gürcüstanda 5, Ermənistanda 3 milyon olmaqla 15 milyon nəfər yaşayırdı.

Ötən il də bu rəqəm 15 milyon nəfər təşkil edib. Yəni, artım 2 milyon təşkil edib. Bu artım isə, son 30 il ərzində əhali artımının dayandığı və azaldığı Ermənistan və Gürcüstanın yox, Azərbaycanın hesabına baş verib. Lakin bu o demək deyil ki, Azərbaycan əhalisi cəmi 1 milyon artıb, digərləri sabit qalıb. Əksinə, Azərbaycanda əhali sayı 3 milyon nəfər artıb, digər 2 ölkədə isə hərəsində 1 milyon azalıb.

Azərbaycanda əhalinin artımının (+3 milyon nəfər) ümumilikdə bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına (+2 milyon nəfər) səbəb olub.

Son statistik göstəricilərə görə, hazırda Ermənistan (3 milyon nəfər) və Gürcüstanın (4 milyon nəfər) əhalisinin sayı bir yerdə götürdükdə (7 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (10 milyon nəfər) 3 milyon nəfər azdır.

Cənubi Qafqaz üçün proqnozlar nə vəd edir?

Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan rəsmi əhalisinin sayından 3 dəfədən artıq, faktiki əhalisinin sayından 5 dəfə çoxdur. Əgər davam edən demoqrafik prosesi əsas götürsək, 2030-cu ildə Azərbaycanın əhalisinin real sayı 11 milyonu keçəcək, Ermənistan və Gürcüstan əhalisi isə artmayacaq. 2030-cu ildə hər 3 qafqazlıdan 2-i azərbaycanlı olacaq.

BMT ekspertlərinin proqnozlarına görə, əsrin ortalarında Ermənistanda əhalinin sayının Azərbaycanda yaşayan əhalinin sayından 6-7 dəfə az olacaq. XXI əsrin 2-ci yarısında isə Azərbaycanda Ermənistan və Gürcüstanın birlikdə götürülmüş əhalisinin sayından təxminən 3 dəfə artıq əhali yaşayacaq.

Belə ki, BMT demoqraflarının proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda 14 mln., Gürcüstanda 3 mln., Ermənistanda 2 mln. nəfər yaşayacaq. 2100-cü il üçün isə bu göstərici müvafiq olaraq 20 mln., 2,5 mln. və 1.5 mln-dur.

Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar vəziyyəti aydın göstərir. Göründüyü kimi, qarşıdakı müddətdə hər iki qonşu ölkədə əhalinin sayında azalma, Azərbaycanda isə artma müşahidə olunacaq.

Lakin məlum olduğu kimi, ölkələrin müqayisəsində say çoxluğu heç vaxt əsas meyar kimi götürülməyib. Biz saydan başqa, bütün digər sahələrdə də üstünük ki, onların da başında elm, təhsil, texnologiya, iqtisadi inkişaf, sosial rihaf gəlir.

Azərbaycan: Demoqrafik inkişafın səbəbləri

Üumiyyətlə, son 30 ildə keçmiş Sovet məkanında ən yüksək artım Azərbaycanda olub- 40%.
Son 30 ildə Azərbaycanda əhalinin artım tempi demək olar ki, sabit templərlə davam edib. İllik əhali artımı təxminən 100 min nəfər təşkil edir. Bu isə, ölkədə sosial-iqtisadi vəziyyətin digər 2 respublikaya nisbətən yüksək olması, həmçinin, milli mentalitetlə bağlıdır. Azərbaycanda 1 və 2 uşaqlı ailələr azuşaqlı ailə sayılsa da, digərlərində bu normal sayılır.

Bundan başqa, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial-iqtisadi proqramlar, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, cəmiyyətin tibbi sağlamlığının qorunması və sair faktorlar ölkədə əhalinin artım tempini yüksəldib.

Bütün bunların nəticəsində, ölkədən xaricə miqrasiya minimuma düşüb, əskinə Azərbaycana işləmək və yaşamaq üçün gələnlərin sayı artıb. Məlum olduğu kimi, ölkələrin yaxşı olub-olmamasını ölçən meyarlardan biri də budur. Bu səbəbdən daha çox adamın xaricə köçdüyü Ermənistanla və Gürcüstanla müqayisədə Azərbaycanın yaşamaq və işləmək üçün daha yaxşı ölkə kimi qəbul edilməsi hər şeyi aydın göstərir.

Gürcüstan: Demoqrafik böhranın səbəb və nəticələri

Gürcüstan əhalisi 2020-ci il yanvarın 1-ə təxminən 4 milyon nəfər təşkil edir. Bu, Cənubi Qafqazda 2-ci ghöstərici olmaqla, Azərbycandan 2,5 dfə az, Ermənistandan isə 1, 5 dəfə çoxdur.
1991-ci ildən sonra 1 mln nəfərə yaxın gürcü Rusiyaya miqrasiya etməli olub. Bundan başqa, Gürcüstan vətəndaşı olan azı 50 min nəfər azərbaycanlı da Azərbaycana köçüb. Gürcülər arasında Ukrayna, Polşa, Böyük Britaniya və digər örkələrə miqrasiya edənlərdə az deyildir.

Ölkədə baş verən hərbi qarşıdurmalar və seperatçılıq prosesləri də əhalinin miqrasiyasına ciddi təsir edib. Lakin iqtisadi və sosial problemlər də buna öz təsirini göstərib.

2019-cu ildə ölkədə ümumilikdə, 48 296 körpə doğulub. Bu göstərici 2018-ci ildə 51 138 nəfər təşkil etmişdi. Ölüm halları isə 46 524 nəfərdən 46 659 nəfər qədər artıb.

Ötən il Gürcüstan əhalisinin 20%-i yoxsulluq həddindən aşağıda yaşayıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.

Ümumilikdə, Gürcüstan əhslinin son 30 ildə 5 milyon nəfərdən 4 milyon nəfərədək azalması müşahidə olunub bu da ciddi demoqraik böhran miqyasındadır.

Ermənistan: Demoqrafik vəziyyət faciə həddində

SSRİ tərkibində dotasiya ilə yaşayan Ermənistanın müstəqillik əldə etdikdən sonra bütün xarici yardımlara baxmayaraq, sosial-iqtisadi böhran keçirməsi və nəticədə miqrasiyanın ən yüksək səviyyəyə çıxması bu ölkədə əhali artımını dayandırıb və azaldıb.

Ermənistan İnzibati İdarəetmə Nazirliyinin rəsmi statistik göstəricilərinə görə, son 30 ildə (1990-2020-ci illər) Ermənistanı 1,5 milyon nəfər tərk edib. “İcma və hüquq” qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələrinə görə isə, ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, yoxsulluq və miqrasiya prosesi əhalinin artımını dayandırıb.

Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 300 min nəfər artıb. Hazırda Ermənistanda faktiki 2 milyonluq əhalinin içində yoxsul insanların sayı 1 milyondan artıqdır.

Erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.

USAİD-ın Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir.
Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.

İqtisadi böhtan keçirən, sosial problemlərin ağırlaşdığı ölkədə rəsmi olaraq 3 milyon vətəndaş qeydiyyatda olsa da, müxtəlif yerli və beynəlxaql təşkilatların hesablamalarına görə, ölkədə faktiki olaraq 2 milyon nəfər yaşayır. Qalanları Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə köçüblər və ya əmək miqrasiyası ediblər.
Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin (ağır sosial-iqtisadi vəziyyət və müharibə) aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

Dünya mediası regionun demoqrafik situasiyası haqda

Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış miqrasiya problemindən tez-tez yazır. Ermənistanın yeganə himayədarı Fransanın nüfuzlu agentliyi olan "France-Presse"də dərc olunan "Erməni mühacirəti qadınlardan ibarət kəndlər yaradır" başlıqlı məqalədə Ermənistandan kişilərin kütləvi şəkildə xarici ölkələrə axışdığı bildirilir.

Yazıda bildirilir ki, tarlalarda məhsul yığını vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür. "Onların ərləri və ataları qazanc dalınca əsasən Rusiyaya üz tutublar",- deyə qeyd olunur.
"Ermənistanı 50 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir, cəmiyyətin qocalmasına səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44%-i özü və uşaqları üçün gələcəyi vətəndə görmür", - deyə yazıda bildirilir.

ABŞ-ın tanınmış "Huffington Post" qəzetində dərc olunan məqaləyə görə, hər il Ermənistanı təqribən 60 min erməni tərk edir. Qəzet yazır ki, əmək qabiliyyətli insanların xarici ölkələrə üz doğum göstəricilərinə də təsir edir, belə ki, hazırda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.

Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.

Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və işğal etdiyi Azərbaycan ərazilərində apardığı ağır müharibəyə görə özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğal olunan ərazilərdən çıxmaq, qonşu ölkələrdə normal iqtisadi əməkdaşlıq qurmaqdır. Bunun üçün hələ də gec deyil.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə