“Uşaqlara göstərilən diqqət və qayğı cəmiyyətimizin gələcəyinə qoyulan sərmayədir” - MÜNASİBƏT BİLDİRİLDİ

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təkcə təqvimdə qeyd olunan bir gün deyil. Bu tarix, eyni zamanda, dövlətimizin uşaqlara göstərdiyi diqqət və qayğının, həyata keçirilən siyasətin real nəticələrinin bir güzgüsü, bir təhlil və hesabat günüdür”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Bu gün Azərbaycan dövləti uşaqlara yalnız gələcəyin vətəndaşı kimi deyil, bugünün dəyəri və cəmiyyətin əsas prioriteti kimi yanaşır. Bu yanaşma qanunvericilik bazasında da aydın əksini tapmışdır. Uşaqların təhsil hüququnun, sağlamlıq hüququnun, və xüsusən də 18 yaşa qədər şəxslərin Beynəlxalq Konvensiyalara əsasən hüquqlarının tanınması və qorunması bu sahədə atılan mühüm addımlardandır.

Biz hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabatları dinləyərkən görürük ki, ana və uşaqların sağlamlığının qorunması, uşaqların profilaktik tibbi xidmətlə əhatə olunması, ilk yardım və qoruyucu səhiyyə prinsiplərinin tətbiqi artıq dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.

Ən vacib istiqamətlərdən biri də məktəbəqədər təhsilin genişləndirilməsi, uşaq bağçalarında komfort və təhlükəsiz mühitin yaradılması, təhsil mühitinin əlçatanlığının və şəffaflığının artırılmasıdır. Bu tədbirlər, uşaqların sağlam, intellektual və əxlaqi baxımdan düzgün formalaşması üçün mühüm zəmin yaradır.

Əlbəttə, burada diqqətdən kənarda qalmamalı olan bir sahə də var: bu, ailədaxili zorakılıq, xüsusən də qadınlara və uşaqlara qarşı şiddət hallarının qarşısının alınmasıdır. Son illər bu istiqamətdə ciddi qanunvericilik islahatları aparılmış, maarifləndirmə tədbirləri genişləndirilmişdir. Uşaqların təhlükəsizliyi və rifahı üçün hüquqi mexanizmlər və sosial dəstək alətləri daim təkmilləşdirilir.

Bütün bu addımlar Azərbaycanın sosial dövlət modeli quruculuğunda göstərdiyi səylərin parlaq nümunəsidir. Bu model təkcə kağız üzərində bəyan edilməklə kifayətlənmir – əməli tədbirlər, real nəticələr, insana yönəlmiş siyasət vasitəsilə həyata keçirilir.

Bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, xüsusilə də birinci vitse-prezident Mehriban xanım Əliyevanın uşaqlarla bağlı sosial layihələrdə birbaşa iştirakı, Heydər Əliyev Fondunun bu sahədə gördüyü məqsədyönlü və davamlı işlər, uşaqlara göstərilən dövlət qayğısının simvolik deyil, sistemli və ardıcıl xarakter daşıdığını sübut edir.

Sonda qeyd etmək istəyirəm ki, uşaqlara göstərilən hər bir diqqət və qayğı, əslində cəmiyyətimizin gələcəyinə qoyulan sərmayədir. Gələcəyin sağlam, bilikli, vətənpərvər və azad düşüncəli vətəndaşını formalaşdırmaq üçün atılan hər bir addım, həm də bu günün məsuliyyətini və sabahın ümidini daşıyır.

Uşaqlar bizim ən dəyərli varlığımızdır. Onların xoşbəxtliyi, hüquqlarının qorunması, təhlükəsiz və rifahlı böyüməsi naminə atılan hər bir addım təkcə ailənin deyil, dövlətin və cəmiyyətin birgə məsuliyyətidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə