"Beynəlxalq tədbirlərin sayının artması ölkənin tanıdılması üçün əhəmiyyət daşıyır" - EKSPERT RƏYİ
"Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin turizm sahəsinə əhəmiyyətli müsbət təsirləri müşahidə olunur. Xüsusilə 2012-ci ildə keçirilmiş “Eurovision” mahnı müsabiqəsindən sonra Azərbaycanın beynəlxalq aləmdə tanınması və imicinin möhkəmlənməsi nəticəsində ölkəyə gələn turistlərin sayında nəzərəçarpacaq artım müşahidə edilmişdir". Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.
Onun sözlərinə görə, turistlərin hər hansı bir ölkəyə səyahət etməkdə əsas meyar kimi təhlükəsizlik amilinə üstünlük verdikləri məlumdur: "Bu baxımdan, Azərbaycanda ictimai asayişin qorunması və təhlükəsizliyin yüksək səviyyədə təmin olunması ölkəyə gələn xarici vətəndaşlar üçün cəlbedici mühit yaradır. Eyni zamanda, paytaxt Bakıda və digər regionlarda göstərilən xidmətlərin keyfiyyəti də turistlərin məmnuniyyətinə və ölkəyə yenidən səfər etmək istəyinə müsbət təsir göstərir.
Beynəlxalq miqyaslı tədbirlərin sayının artması isə ölkənin tanıdılması baxımından strateji əhəmiyyət daşıyır. Hər bir idman və mədəni tədbirin özünəməxsus auditoriyası və fanat bazası mövcuddur. Məsələn, Formula 1 yarışlarını izləyənlərlə Avropa Oyunlarının azarkeşləri fərqli auditoriyaları təmsil edir və bu müxtəliflik Azərbaycana daha geniş turist axını təmin edir.
Bundan əlavə, yaxın gələcəkdə keçiriləcək MDB Oyunlarının Bakı ilə yanaşı Mingəçevir, Şəki və Gəncə kimi regionlarda təşkil olunması, təkcə paytaxtın deyil, regionların da sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək. Belə tədbirlər regionlarda infrastrukturun təkmilləşdirilməsi, yerli xidmət sahələrinin inkişafı və turizm potensialının genişlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu isə ümumilikdə ölkənin dayanıqlı turizm strategiyasının həyata keçirilməsinə töhfə verir"- deyə ekspert əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə