Nəsimi rayonunda 3 narkokuryerdən 6 kiloqram narkotik vasitə tutulub

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizəni davam etdirirlər. Aparılan əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar.

SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

Saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə