"Süfrə mədəniyyəti ilə bağlı olan sosial bağlar zəifləyir" - MÜNASİBƏT BİLDİRİLDİ
"Zaman dəyişir, dövlətlər dəyişir, həyat tərzləri və sosial münasibətlər də bu dəyişikliklərə uyğun olaraq təkamül keçirir. Azərbaycan xalqı əsrlər boyu qonaqpərvərliyi, ailə bağlarının güclü olması və süfrə ətrafında birgə zaman keçirmə mədəniyyəti ilə seçilmişdir". Bu sözləri sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında deyib.
O bildirib ki, lakin bu gün müşahidə edirik ki, qloballaşma, texnologiyanın təsiri və xarici həyat tərzlərinin mənimsənməsi cəmiyyətimizdə mühüm dəyişikliklərə səbəb olub: "Xarici ölkələrə səfərlər, televiziyalarda yayımlanan seriallar və sosial media vasitəsilə insanlar fərqli həyat tərzləri ilə tanış olur, zamanla bu modelləri öz ailə həyatlarına tətbiq etməyə başlayırlar. Bu təsirin nəticəsində artıq Azərbaycan cəmiyyətində klassik qonaqpərvərlik anlayışı, evdə birlikdə nahar və ya şam süfrəsinə toplaşmaq kimi ənənələr arxa plana keçir. Evdə yemək bişirmək, ailə üzvləri ilə süfrə arxasında söhbət etmək, dərd və sevincləri paylaşmaq ənənəsi bir çox ailələrdə zəifləməyə başlayıb.
Bugünkü reallıq budur ki, insanlar getdikcə daha çox restoranda yeməyə üstünlük verirlər. Bu sadəcə elit təbəqəyə deyil, orta təbəqəyə də aid tendensiyadır. Süfrə mədəniyyəti ilə bağlı olan sosial bağlar zəifləyir. Artıq süfrə başında smart cihazlar üstünlük təşkil edir, ailə üzvləri bir-birinə diqqət yetirməkdə çətinlik çəkirlər. Halbuki süfrə mədəniyyəti həm də bir psixoloji dəstək mühitidir – dərdlərin bölüşüldüyü, sevinclərin artırıldığı bir sosial institutdur.
Bu dəyişikliyin kökündə yalnız komforta olan maraq deyil, həm də fərdiləşmiş həyat tərzi, emosional əlaqələrin zəifləməsi və bəzi hallarda ictimai təzyiqlər dayanır. Müasir həyat tərzi insanları rahatlığa və sürətə öyrəşdirir, lakin bu, eyni zamanda ənənəvi dəyərlərin itməsi riskini də doğurur".
Bütün xəbərlər Facebook səhifəmizdə