"Azərbaycan mətbuatı əhəmiyyətli nailiyyətlər əldə edib" - MÜNASİBƏT BİLDİRİLDİ
"2025-ci il Azərbaycan milli mətbuatının 150 illik yubileyi kimi qeyd olunur. Bu əlamətdar hadisə, təkcə tarixə nəzər salmaq deyil, eyni zamanda müasir dövrdə milli mətbuatımızın qazandığı uğurları da dəyərləndirmək baxımından mühüm fürsətdir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşr olunan “Əkinçi” qəzetindən başlanan bu yol, bu gün rəqəmsal platformalarda, onlayn media resurslarında və müxtəlif informasiya kanallarında uğurla davam etdirilir". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan mətbuatı bir sıra sahələrdə əhəmiyyətli nailiyyətlər əldə edib. İlk növbədə, medianın hüquqi əsaslarının möhkəmləndirilməsi sahəsində mühüm addımlar atılıb. Son illərdə qəbul olunan qanunvericilik aktları, media subyektlərinin fəaliyyətinin tənzimlənməsi, şəffaflığın təmin olunması və jurnalistlərin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması da bu sahədə sistemli yanaşmanın tətbiqinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan mətbuatı rəqəmsallaşma dövrünə uğurla keçid edib. Ənənəvi çap mediası ilə yanaşı, onlayn media orqanlarının sayı sürətlə artmış, sosial media vasitəsilə informasiya yayımı daha operativ və əhatəli xarakter almışdır. Xəbər saytları, internet televiziyaları və sosial şəbəkələrdə fəaliyyət göstərən media layihələri geniş auditoriyaya çıxış əldə edərək cəmiyyətin informasiya tələbatını ödəyir. Bundan başqa, jurnalistlərin peşəkarlıq səviyyəsinin artırılması da son illərdə diqqət mərkəzində saxlanılır. Müxtəlif təlim proqramları, beynəlxalq təcrübə mübadilələri və media savadlılığı layihələri vasitəsilə jurnalistlərin bilik və bacarıqları artırılır. Bu da öz növbəsində informasiya məkanında daha obyektiv, dəqiq və məsuliyyətli xəbər yayımına töhfə verir.
Azərbaycan mətbuatı beynəlxalq əməkdaşlıq sahəsində də uğurlar qazanır. Yerli media qurumları dünyanın müxtəlif ölkələrindəki nüfuzlu media orqanları ilə əməkdaşlıq edir, informasiya mübadiləsində iştirak edir və beynəlxalq media tədbirlərində fəal iştirak edirlər. Bu da ölkəmizin informasiya siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan mətbuatı 150 illik tarixi ərzində böyük yol keçib və bu gün çağdaş dövrün tələblərinə uyğun şəkildə inkişafını davam etdirir. Onun qarşısında duran əsas vəzifə isə peşəkar, obyektiv və milli maraqlara sadiq media məkanı yaratmaqdır. Bu istiqamətdə görülən işlər və əldə olunan uğurlar göstərir ki, Azərbaycan mətbuatı gələcəyə inamla addımlayır".
Bütün xəbərlər Facebook səhifəmizdə