İkili standartların mövcudluğu Ermənistanı getdikcə azğınlaşdırır

İkili standartların mövcudluğu Ermənistanı getdikcə azğınlaşdırır

Bir neçə gün əvvəl Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri Mariya Kalyurandın, Azərbaycan üzrə məruzəçisi Jelena Zavkonun, Ermənistan üzrə məruzəçisi Trayan Baseskunun Ermənistan ilə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsi arasında əlaqə yaradacaq magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı işğalçı ölkəyə növbəti zərbə oldu.

Avropa Parlamentinin Ermənistanın işğalçı siyasətinə açıq şəkildə etirazını bildirməsi və bu barədə bəyanat qəbul etməsi işğalçı ölkə üçün sanki “sürpriz” oldu. Axı Ermənistan Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrin əlində bir vasitədir. Bundan başqa, dünyada ikili standartların mövcudluğu da Ermənistanı getdikcə azğınlaşdırır. işğalçı ölkə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə biganəlik, dünya birliyinin bu ədalətsizliyə göz yumması Ermənistanı daha da qudurdub. Avropa Parlamentinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə PƏK həmsədrinin, həmçinin Azərbaycan və Ermənistan üzrə məruzəçilərinin imzaladıqları birgə bəyanat bir daha ölkəmizin ərazi bütövlüyünün bu qurum tərəfindən tanındığını təsdiqlədi. Görünür, beynəlxalq təşkilatlar da artıq Ermənistanın işğalçı siyasətindən cana doyublar. Nikol Paşinyanın ölkəyə rəhbərliyindən sonra Ermənistan beynəlxalq aləmdəki dayaqlarını bir-bir itirir. Artıq dünya ictimaiyyətinə də bəlli oldu ki, Nikol Paşinyanın faşist ideologiyasına hüsn-rəğbəti onun genindən gəlib. Xatırladım ki, bir qədər əvvəl Paşinyanın özü bu sirrin üstünü açdı. Əslində, o, öz nəsil–nəcabətinin, guya, vətənpərvər, İkinci Dünya müharibəsinin iştirakçısı olduğunu bildirmək istəyirdi. Lakin hadisələrin gedişi heç kimə bəlli olmayan bir həqiqətin üstünü açdı. Məlum oldu ki, baş nazirin babası nasist Nidje Qareginin əsgəri olub.

Bu baxımdan, beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan bəzi antiAzərbaycan dairələr və təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham bildirməyiblər. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. Seçkiləri müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki baş nazir hakim partiyanı devirdi.

Qeyd etmək lazımdır ki, Ermənistan terror, diktatura, irqi, milli, dini və siyasi azadlıqların təqib olunması prinsipləri ilə idarə edilir. Ona görə də hakimiyyətdə kimin, yəni, Sarkisyanın, Köçəryanın, yaxud da “demokrat” olduğunu bəyan etsə də, əksinə, yeni diktatura rejimi yaradan Paşinyanın olması işğalçı ölkənin idarəetmə mahiyyətini dəyişmir. Demokratiyanın vacib amillərindən biri vətəndaşların sərbəst toplaşmaq azadlığının lazımi səviyyədə təmin edilməsidir. Ölkəmizdə vətəndaşların bütün hüquqları dövlət tərəfindən tam təmin olunur. Siyasi mübarizənin tərkib hissəsi kimi kütləvi aksiyaların, mitinqlərin, küçə yürüşlərinin keçirilməsi üçün zəruri olan tədbirlər görülür, ən əsası təkmil qanunvericilik bazası mövcuddur. Lakin diqqət yetirək, ölkəmizdə bir qrup dağıdıcı ünsürlər xarici hiayədarlarının göstərişlərinə uyğun olaraq icazəsiz aksiyalar keçirməyə cəhdlər göstərəndə və bu cəhdlərin qarşısı qanuni yolla alınanda dərhal beynəlxalq hüquq təşkilatları bunu özlərinə sərf edən formada təhlil edir, Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığının kobul şəkildə pozulduğunu iddia edirlər.

Amma işğalçı Ermənistanda təkcə son günlər baş verən hadisələr dünyanın ikili siyasətinə bir daha işıq salır. Belə ki, Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınmış və yüzlərlə adam saxlanılmışdır. Polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq etmişdir. Halbuki hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınmışdır. Demək, dünyanın ikili siyasətinə uyğun olaraq işğalçı Ermənistanda yaşananlar demokratiyanın tələblərinə “tam uyğundur”. Belə düşüncə sahibləri bu və ya digər dövlətlərə necə demokratiya dərsi keçirlər, sual doğurur.

Əlfəddin Həsənov, Sabunçu bələdiyyəsinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə