"Cəzasızlıq anarxiyaya doğru aparır" ÖZƏL - AÇIQLAMA

"Cəzasızlıq anarxiyaya doğru aparır. Biz də dünyanın bir parçasıyıq və bu gün dünyada inkişaf etmiş ölkələr ictimai-siyasi sabitliyi pozmağa cəhd edən şəxslərə qarşı hüquqi mübarizəyə başlayırsa, biz də hərəkətə keçməliyik". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olan deputatı Azər Badamov internet resurslarının, xüsusilə də sosial şəbəkələrin hüquqi tənzimlənməsi məsələsindən danışarkən deyib.

Onun sözlərinə görə, internet resurslarının imkanlarının genişlənməsi və sosial şəbəkələrdə səsləndirilən fikirlərə görə cəzasızlıq mühiti dünyanın böyük ölkələri üçün də bəlaya çevrilib: "Təbii ki, Azərbaycan kimi ölkələr bu istiqamətdə mübarizə tədbirlərinə ilk olaraq addımlar atsa, insan hüquq və azadlıqlarından danışan beynəlxalq təşkilatlar dərhal hərəkətə keçir və bunu insan haqlarının pozulması kimi qələmə verməyə çalışırlar. Son günlər ABŞ və Almaniyada baş verən hadisələr belə təşkilatlar tərəfindən heç nə baş verməmiş kimi susqunluqla qarşılanır. ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrdə hüquqi tənzimləmənin aparılması üçün qanun qəbul ediləcəyini bildirmişdi. Təbii ki, biz də bu istiqamətdə hüquqi bazanın yaradılmasına başlamalıyıq. Cəzasızlıq anarxiyaya doğru aparır. Biz də dünyanın bir parçasıyıq və bu gün dünyada inkişaf etmiş ölkələr ictimai-siyasi sabitliyi pozmağa cəhd edən şəxslərə qarşı hüquqi mübarizəyə başlayırsa, biz də hərəkətə keçməliyik. Xaricdə oturub özlərinə internet kanalları açaraq və ya sosial şəbəkələrdən istifadə etməklə dövlət rəhbərinin, siyasətçilərin ünvanlarını təhqirlərin yağdırılmasını susqunluqla izləməli deyilik".

Millət vəkili bildirib ki, xarici dairələrin sifarişlərini yerinə yetirən ölkəmizdə uzun illər kök salmış 5-ci kolonun nümayəndələri ölkədə siyasi sabitliyi pozmağına və dövlət müstəqilliyinə xələl gətirən təhqirlə dolu xain və satqın düşüncələrin səsləndirilməsinə imkan verilməməlidir: "Biz demokratiyanın, söz azadlığının tərəfdarıyıq və hüquqi dövlət qurmuşuq. Biz heç vaxt anarxiyaya imkan verə bilmərik. Ona görə də düşünürəm ki, biz, qanunvericilik orqanı olaraq Milli Məclisdə belə ünsürlərə effektiv hüquqi mübarizənin həyata keçirilməsi üçün yeni qanun qəbul etməliyik. Sosial şəbəkələrin hüquqi nizama salınması dünya üçün və o cümlədən bizim üçün vacibdir".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə