"Əgər kütləvi yoluxma baş versə..." ÖZƏL - AÇIQLAMA

"Əgər, kütləvi yoluxma baş verərsə, hansı ki, böyük dövlətlər belə bunun öhdəsindən gələ bilmir və buna tab gətirə bilmir, Azərbaycanın da kiçik bir dövlət kimi səhiyyəsi buna tab gətirə bilməyək". Bu sözləri SİA-ya açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov qoruyucu maskalardan istifadə etməməyə görə cərimələrin tətbiq edilməsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, dünyada pandemiya problemi geniş vüsət alandan bu yana Azərbaycan hökuməti məsələyə çox həssas yanaşdı və tez bir zamanda sərhədlərimiz bağlandı, ölkədə karantin rejimi tətbiq edildi, təhsil müəssisələri fəaliyyətini dayandırdı və daha sonra karantin bir qədər də sərtləşdirildi: "İlk dövrlərdə Azərbaycanda yoluxma halları maksimum 60-70 nəfər civarında idi. Sağalanların sayı isə daha çox idi. Bu bizə ümid verirdi ki, Azərbaycan az itki ilə bu pandemiyaya qalib gələcək. Proseslər bu məqsəd istiqamətində irəliləyirdi. Lakin, karantin qaydaları yumşaldıqdan sonra biz gördük ki, burada vətəndaş səhlənkarlığı özünü göstərməyə başladı. Demək olar ki, insanlar arasında pandemiyanın varlığına inam çox aşağı səviyyədədir. Vətəndaşların böyük əksəriyyəti məsələyə laqeyd yanaşır. Sanki, bu problemə inamsızlıq hökm sürür. Bu da təhlükəli bir haldır. Artıq, müşahidə olunur ki, bütün böyük mağazalarda, küçələrdə və s. ictimai yerlərdə sosial məsafə saxlanılmır. Əhali qoruyucu vasitələrdən istifadə etmir və təbii ki, gigiyenik qaydalara riayət aşağı səviyyədədir. Bunun nəticəsidir ki, artıq ölkəmizdə son 4-5 gün ərzində yoluxma sayında yüksək templi artım müşahidə olunur. Hətta, dünən, artıq 257 nəfər COVID-19-a yoluxmuşdu. Bu da çox təhlükəli rəqəmdir. Vaxtilə xəbərdarlıq edilmişdi ki, qaydalara riayət edilməsə bu rəqəm 3 rəqəmli ilə ifadə olunacaq. Çox təssüf ki, vətəndaş laqeydsizliyi nəticəsində bu hal artıq baş verir".

Anar Xəlilov bildirib ki, belə olduğu müddətdə Operativ Qərargahın qərarını düzgün hesab edir, çünki, iqtisadiyyatı tam dayandırmaq olmaz, ölkə iqtisadiyyatı iflic vəziyyətə düşə bilməz və pandemiya ilə mübarizədə paralel olaraq iqtisadiyyatı da düşünmək lazımdır: "Bu halda əhalini də tam təcrid etmək qeyri-mümkündür. Belə olduğu halda vətəndaşlarımızın üzərinə böyük məsuliyyət düşür ki, karantin və gigiyenik qaydalarına riayət etsinlər. Sosial məsafəni gözləsinlər. Bu vətəndaşlar tərəfindən könüllü edilmədikdə, məsələyə məsuliyyətsiz yanaşıldıqda təbii ki, Operativ Qərargahın cərimələrlə bağlı qərarını alqışlayıram. Düşünürəm ki, qərarlar daha da sərtləşməlidir. Sosial məsafəni gözləməyən şəxslərə də cərimələr tətbiq olunmalıdır. Əgər insanlar öz iradəsi ilə bunu etmirlərsə təbii ki, dövlətin qayda və qanunları var, bu qayda və qanunlarla da məsələ tənzimlənəcək. İnsanlar bu qaydalara son dərəcə diqqətlə yanaşmalıdır ki, cərimələr də tətbiq olunmasın. Vətəndaşlarımız qoruyucu maskalardan istifadə etmədiyinə görə yüksək məbləğdə cərimələnəcək və təbii ki, bu da ölkə vətəndaşının maddi rifahına daha bir zərbədir. Lakin, ümumilikdə bu addımı müsbət dəyərləndirirəm. Vətəndaş məsuliyyətsizlik edirsə cəzalanmalıdır. Ən böyük məsələ isə biz bu problemə inanmalıyıq. Azərbaycan vətəndaşı bu məsələdə inamsızlıq göstərir. Mən çox böyük təəssüf hissi keçirirəm".

Sədr əlavə edib ki, pandemiya ilə əlaqədar Azərbaycandakı həkimlərlə yanaşı, eyni zamanda Rusiyada fəaliyyət göstərən görkəmli həkimlərlə də təmasdadır və bu yaxınlarda Azərbaycanın Rusiyada fəaliyyət göstərən həkimi ilə danışarkən oradakı vəziyyəti məlumat alıb:

"Rusiyanın paytaxtında pandemiya daha çox yayılıb və həmin həkimin xəstələr haqqında, onların vəziyyəti haqqında dediyi sözlər məndə çox böyük təlaş hissi yaratdı. Çünki, Azərbaycan vətəndaşı məsuliyyətsiz mövqe nümayiş etdirir. Həkimin dediklərinə istinad etsək bu çox təhlükəli xəstəlikdir. Hətta sağalandan sonra belə bu insan orqanizmində böyük fəsadlar yaradır və bu xəstəliyə yoluxan insan ömrünün axırına qədər ondan əziyyət çəkir. Bədəndə çox böyük iz qoyur. Bizim tanış olduğumuz adi qriplərdən fərqli olaraq bu xəstəlik bədəndən izsiz çıxmır. Düşünürəm ki, insanlarımız ilk növbədə bu xəstəliyin varlığına inanmalıdır, qaydalara riayət etməlidir. Yalnız bu zaman az itkilərlə bundan xilas ola bilərik. Əks təqdirdə bu xəstəlik ölkəmizdə böyük fəsadlara yol açacaq. Əgər, kütləvi yoluxma baş verərsə, hansı ki, böyük dövlətlər belə bunun öhdəsindən gələ bilmir və buna tab gətirə bilmir, Azərbaycanın da kiçik bir dövlət kimi səhiyyəsi buna tab gətirə bilməyək. Baxmayaraq ki, səhiyyəmiz və iqtisadiyyatımız da indi çox yaxşı vəziyyətdədir.

Artıq, Ermənistanda həyacan təbili çalınır, çox kritik bir vəziyyətə gəlinib. Gizlətmələrinə baxmayaraq, xarici media Ermənistanın səhiyyəsinin çökdüyünü elan edir. Azərbaycan səhiyyəsi isə hələ ki, bununla mübarizə aparır, lakin, vətəndaşlar laqeyd yanaşmağa davam etsə, səhiyyəmiz buna tab gətirə bilməyəcək. Bir daha insanlara çağırış edərək məsələyə diqqətli yanaşmağı tövsiyyə edirəm".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə