"Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər" ÖZƏL - AÇIQLAMA
"Milli Məclisin mart ayının 17-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Artıq Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı, "Universitet Təhsilli Qadınlar" İctimai Birliyinin rəhbəri Tamam Cəfərova hazırda ölkədə gedən proseslərlə bağlı və bu yaxınlarda Milli Məclisdə aparılan müzakirələrin perspektivdəki nəticələrindən danışarkən deyib.
Millət vəkili bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının bugünkü məlumatına görə virus artıq 160-dan çox ölkəyə yayılıb, ölənlərin və virusa yoluxanların sayı dumadan artır, mübarizənin yeganə yolu izolyasiya və şəxsi gigiyena qaydalarının gücləndirilməsidir: "Epidemiyanın yayılmasının qarşısını almaq hələki mümkün olmayıb, müalicəsi də hələ tapılmayıb. Mübarizənin yeganə yolu izolyasiya və şəxsi gigiyena qaydalarının gücləndirilməsidir. Bu məqsədlə dünya dövlətlərində karantin rejimi tətbiq edilir, bəzi ölkələrdə fövqələdə vəziyyət elan olunur, sərhədlər bağlanır… Vəziyyət düşündüyümüzdən də qorxuludur. Lakin təşvişə düşməyə əsas yoxdur. Dövlətimiz ilk gündən virusun ölkəmizdə yayılmasının qarşısını almaq, vətəndaşların sağlamlığını qorumaq üçün hər şey edir və sizdən tələb olun yeganə iş dövlətin qoyduğu məhdudlaşdırıcı qaydalara və tövsiyyələrə əməl etməkdir.
Azərbaycan virusun ən az yayıldığı ölkələrdən biridir. Lakin dövlətimiz epidimiyanın ölkəmizdə yayılmasının qarşısını almaq, əhalinin sağlamlığını qorumaq məqsədilə hərtərəfli mübarizə aparır, müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də mart ayının 13-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə Azərbaycan ərazisində xüsusi rejimin tədbiq edilməsidir. Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya (pandemiya yoluxucu xəstəliyin ölkənin bütün ərazisində, qonşu ölkələrdə, bəzən isə dünyanın bir çox ölkəsində kütləvi şəkildə yayılmasına gətirib çıxaran ifrat güclü epidemiyadır) elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub".
Hökumətin bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zərurət hesab etdiyini vurğulayan deputat bununla əlaqədar bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərarını da diqqətə çatdırıb: "Həmçinin dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub. Söhbət sosial izolyasiya tədbirlərindən gedir. İnsanlardan tələb olunur ki, imkan daxilindən evdən çıxmasınlar, bir yerdə toplaşmasınlar, insanların kütləvi toplaşdığı yerlərə getməsinlər, yəni mümkün qədər təmasda olmasınlar (məktəblər, universitetlər də bu məqsədlə bağlandı). Unutmayın ki, bütün bu məhdudiyyətlər sizin sağlamlığınızın qorunması üçündür. Ancaq bu yolla epidemiyanını yayılmasının qarşısını almaq olar.
Əgər bir nəfərdə virus olarsa, o, 200-300 adama bulaşa bilər. Yəqin ki, İtaliyada baş verənləri izləyirsiniz. Çox təəssüf ki, Azərbaycanda bəzi vətəndaşlar bu tələb və tövsiyələrinə riayət etmirlər, epidemiya təklükəsini ciddiyə almırlar. Bununla həm özlərinin, övladlarının, həm də ətrafdakıların həyatına təhlükə yaradırlar. Əziz və dəyərli vətəndaşlarım, sizin hər birinizi maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm".
Tamam Cəfərova əlavə edib ki, artıq Azərbaycanda gigiyena və karantin rejimlərini pozanlar cərimələnəcəklər: "Milli Məclisin mart ayının 17-də keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Belə ki, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatdək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatək məbləğdə cərimə ediləcəklər. Yaxud işlərin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə həbs tətbiq olunur. Hüquqi şəxslər 2 min manatdan 5 min manatdək cərimə ediləcəklər. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları sizin sağlamlığınız naminə qeyd-şərtsiz icra olunmalıdır. Epidemiya ilə mübarizə Milli təhlükəsizlik məsələsidir, Milli həmrəylik məsələsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB