Əli Əhmədov: “Beynəlxalq təşkilatların ikili standartlardan çıxışı Xocalı faciəsinə münasibətdə də özünü göstərir”

Əli Əhmədov: “Beynəlxalq təşkilatların ikili standartlardan çıxışı Xocalı faciəsinə münasibətdə də özünü göstərir”

Beynəlxalq təşkilatların ikili standartlardan çıxışı Xocalı faciəsinə münasibətdə də özünü göstərir. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib.

 

Azərbaycan hökuməti, o cümlədən qeyri-hökumət təşkilatları tərəfindən Xocalı faciəsinin tanıdılması üçün geniş miqyaslı işlərin aparıldığını deyən Ə.Əhmədov bu işdə diasporun da səmərəli fəaliyyət göstərdiyini dilə gətirib. O, faciənin tanıdılması işinin bütün vasitələrdən yararlanaraq davam etdirilməsinin vacib olduğunu söyləyib: "Faciənin yalnız ildönümü ərəfəsində yox, hər zaman tanıdılması fəaliyyətini davam etdirməliyik. Bu işi bütün vətəndaşlarımızı cəlb etməklə apara bilsək, faciəyə beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilməsinə nail ola biləcəyik. Azərbaycan dövlətinin, dövlət başçısının mövqeyi tamamilə aydındır. İstəyirik ki, faciəni törədənlər tezliklə cəzalandırılsınlar".

 

Ə.Əhmədov Xocalı faciəsi ilə bağlı Azərbaycan parlamentində də lazımı işləri görüldüyünü bildirib: "Hesab edirəm ki, ölkə daxilində istər qanunvericilik, istərsə də digər qurumlar çərçivəsində Xocalı faciəsi ilə bağlı lazımı addımlar atılıb".

 

Qeyd edək ki, Milli Məclisin 1992-ci il 5 mart tarixində qəbul etdiyi 334 12 saylı qərarında Xocalı hadisələrinə soyqırımı kimi qiymət verilib. Parlament 1993-cü il fevralın 2-də 510 saylı qərarı ilə də Xocalı hadisələrini soyqırım kimi təsbit edib. 1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı hadisələrinə həsr olunmuş xüsusi sessiyada qəbul olunmuş 791 saylı qərarda da Xocalı faciəsi soyqırımı kimi qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə