Azərbaycan Radiosunda Bədii Şura yaradılıb

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində Azərbaycan Radiosunda Bədii Şura yaradılıb. AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildiriblər ki, Bədii Şuranın tərkibi də artıq müəyyən olunub. Şuranın tərkibinə AzTV – nin sədr müavini Rəşad Nəsirov, “Mədəniyyət” kanalı Proqram direktorunun müavini İlham Rəhimli, diktor Eldost Bayramov, “Uşaq verilişləri” redaksiyasının baş redaktoru Ələmdar Quluzadə, “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Əlizanlı, “Səhər” redaksiyasının baş redaktor müavini Qorxmaz Şıxalıyev, “Xəbərlər” redaksiyasının baş redaktor müavini Rövşən Ramazanlı daxildir.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, AzTV QSC-də artıq 8 aydır ki, TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə toplanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə