Psixoloq: “Uşağı mənəvi dəyərlərə kökləmək lazımdır" AÇIQLAMA

Psixoloq: “Uşağı mənəvi dəyərlərə kökləmək lazımdır" AÇIQLAMA

"Valideynlərin boşanması uşaq üçün psixoloji travmanın başlanğıcıdır. Sonradan atanın uşağa sahib çıxmaması, onunla maraqlanmaması, xərclərini ödəməməsi psixoloji problemin daha da dərinləşməsinə gətirib çıxardır". Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.

O qeyd edib ki, belə olan halda psixoloji travmanın dərinləşməməsi üçün ana mövcud durumu uşağa bildirməməyə çalışmalıdır: "Çünki bu hal istər-istəməz uşağın təhsilinə, məktəbdə dostları ilə münasibətinə və digər davranışlarına mənfi təsirini göstərəcək.

Uşaq özünü sevilməyən, istənilməyən övlad kimi hiss edəcək. Bu hal xüsusilə oğlan uşaqlarında daha çox baş verir. Zamanla yığılan gərginliklə uşaqda ilkin nevrozluq yaranacaq və bu, onun davranışının qeyri-adekvat olmasına gətirib çıxaracaq. Belə uşaq məktəbdə müəllimlərə cavab qaytaracaq, dərsinə etinasız yanaşacaq, evdə kobudluq edəcək və s. O, gələcəkdə özünü cəmiyyətdən təcrid olunmuş hiss edəcək, daim özünəinamsız olacaq, daxili ilə konflikt yaşayacaq və ətrafındakı atalı uşaqlara qarşı qısqanclıq edəcək".

Psixoloq bildirib ki, əgər atanın maddi durumu xərcləri tam təmin etməyə imkan vermirsə, o, uşağı ilə daha çox maraqlanmalı, diqqət və qayğı göstərməlidir: "Uşağı pula deyil, mənəvi dəyərlərə kökləmək lazımdır. Belə olan təqdirdə uşaqlar sağlam düşüncə ilə yetişərlər. Uşaq ailəsinə daim güvənməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə