“Tullantım azalsın” fotomüsabiqəsinin qalibləri FOTOLAR

IDEA İctimai Birliyinin təşəbbüsü və dəstəyi, "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə keçirilən "Tullantım azalsın" adlı fotomüsabiqədə ən yaxşı şəkillərin müəllifləri mükafatlandırılıb. SİA-nın xəbərinə görə, Qalib Günel Məmmədova "Go Pro" kamerası, 2-ci yerin sahibi Cavad Salmanlı planşet və 3-cü olan Taleh Valehov fotoprinter qazanıb. Yarışda öz fotoları ilə iştirak etmiş digər şəxslərə isə xatirə hədiyyələri bağışlanıb.

Müsabiqənin məqsədi ətraf mühitin qorunması və tullantıların azaldılması məsələlərinin təbliği, əhalinin, xüsusilə də gənclərin tullantılarla və onların ətraf mühitə mənfi təsirləri ilə bağlı maarifləndirilməsinə dəstək vermək olub. İki ay müddətinə 100-ə yaxın peşəkar və həvəskar fotoqraf qoyulan problemə diqqət çəkən fotoları tullantim.az saytına yükləyərək yarışa qoşulub. Həmin fotolar bu müddət ərzində təşkilatçıların saytında və sosial şəbəkələrdə paylaşılaraq tullantıların ətraf mühitə təsiri mövzusuna diqqət çəkib.

Yarışa təqdim olunmuş, tullantılarla düzgün rəftarı təbliğ edən onlarla foto hələ şənbə və bazar gün mükafatlandırma tədbirinin keçirildiyi "Park Bulvar"da sərgilənəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə