Yaponiyalı qonaqlar Naxçıvandan xoş təəssüratlarla ayrılıb

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Nümayəndə heyəti ilk olaraq Ulu Öndərin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Sonra Yaponiyadan gəlmiş nümayəndə heyəti Naxçıvan Şəhər İcra Hakimiyyətində olub. Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov bildirib ki, Naxçıvan şəhəri Naxçıvan Muxtar Respublikasının paytaxtıdır və şəhərin 5000 ilə yaxın yaşı var.

Qeyd olunub ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin tabeliyində 87 idarə, müəssisə və təşkilat fəaliyyət göstərir. Şəhərin əsas iqtisadiyyat sahələri sənaye, kənd təsərrüfatı və turizmdir. Şəhərdə 16 qida, 1 mebel, 5 yüngül, 6 metallurgiya, 5 tikinti sənayesi üzrə, ümumilikdə, 33 zavod və fabrik fəaliyyət göstərir. Əhalinin suya olan tələbatının tam ödənilməsi və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün Azərbaycan və Asiya İnkişaf Bankı arasında imzalanan kredit sazişinə əsasən irimiqyaslı layihə həyata keçirilib. Bunun nəticəsində şəhər əhalisi keyfiyyətli içməli su ilə təmin olunub, kanalizasiya şəbəkəsi yenidən qurulub.

Bildirilib ki, Naxçıvanda həyata keçirilən mühüm enerji layihələri nəticəsində Naxçıvan şəhəri elektrik enerjisi ilə tam təmin olunur. Əhalinin dövlət idarə və müəssisələrində, özəl sektorda səmərəli məşğulluğu təmin edilir, yeni yaradılan istehsal sahələri hesabına iş yerlərinin sayı ilbəil artır.

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharu Naxçıvanın onda xoş təəssürat yaratdığını, bu səfərin gələcək birgə planlara və Naxçıvan və Miyakocima şəhərləri arasında hərtərəfli əməkdaşlığın əsasının qoyulmasında mühüm rol oynayacağını bildirib.

Həmin gün Naxçıvan Biznes Mərkəzində yaponiyalı qonaqlarla yerli sahibkarların görüşü olub. Tədbirdə bildirilib ki, qədim tarixi və dövlətçilik ənənələri olan Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Regionda 100-dən çox filiz və 80-dək qeyri-filiz yataqları mövcuddur. Blokadaya salınmasına baxmayaraq, Heydər Əliyev yolu ilə gedən muxtar respublika son 20 ildə uğurlu inkişafa nail olub. Muxtar respublika 100 faiz təbii qazla təmin edilir. Əgər 1991-ci ildə muxtar respublikada 1 enerji istehsal edən müəssisə var idisə, hazırda belə müəssisələrin sayı 8-ə, ümumi gücü isə 237,4 meqavata çatdırılıb. Naxçıvanda ilk dəfə olaraq 20 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilib. Görülən işlərin nəticəsində muxtar respublika elektrik enerjisi idxal edən regiondan enerji ixrac edən regiona çevrilib. Ötən dövrdə sənaye müəssisələrinin sayı 9,6 dəfə artıb. Mövcud resurslardan istifadə edilməklə maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yüngül və yeyinti sənaye, kənd təsərrüfatı təyinatlı 858 istehsal və xidmət sahəsinin yaradılmasına nail olunub.

Vurğulanıb ki, son 20 ildə muxtar respublika iqtisadiyyatına 6 milyard 699 milyon manat investisiya yönəldilib. Görülən işlərin nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb.

Yaponiyalı qonaqlar "Gəmiqaya Mineral Sular" Məhdud Məsuliyyətli Cəmiyyətində və Naxçıvan Günəş Elektrik Stansiyasında olub, həmin müəssisələrin fəaliyyəti ilə bağlı ətraflı məlumatlar alıblar.

Nümayəndə heyəti Naxçıvan şəhəri ilə tanışlıq zamanı Naxçıvan Dövlət Xalça Muzeyi, "Xan Sarayı" Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, "Naxçıvan" Universiteti və "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi ilə də yaxından tanış olublar.

Duzdağ Fizioterapiya Mərkəzində yaponiyalı qonaqlara buradakı müalicə prosesi haqqında məlumat verilib. Bildirilib ki, bu səhiyyə müəssisəsi bir çox xəstəliklərin müalicəsində əhəmiyyətli şəfa ocağıdır. Buna görə də hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə üçün xeyli insan gəlir.

Yaponiyanın Okinava prefekturası parlamentinin sədri Kina Masaharu müsahibəsində deyib: "Mən birinci dəfədir ki, Naxçıvana gəlirəm və buranın təbiətinə çox heyran oldum. Burada küçələrin təmizliyi, şəhərin arxitekturası məni valeh etdi. Yaponiyanın Okinava prefekturasında Miyakocima adlanan gözəl bir şəhərimiz var, bu şəhər Naxçıvana çox bənzəyir. Səfərimizin də əsas məqsədi bu şəhərlər arasında qardaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda bildirim ki, biz bura 40 nəfərlik bir nümayəndə heyəti ilə gəlmişik. Heyətimizin tərkibində şəhər parlamentinin üzvləri və yerli sahibkarlar var. Burada olduğumuz müddətdə gördük ki, Naxçıvanda çox gözəl, müasir tələblərə uyğun istehsal müəssisələri fəaliyyət göstərir. Bu, bizi çox sevindirdi. İnanırıq ki, Naxçıvanla bağlı aldığımız məlumatlar, burada gördüklərimiz əməkdaşlığımızın növbəti mərhələlərində böyük rol oynayacaq".

Yaponiyalı qonaqların Naxçıvana səfəri Naxçıvan Dövlət Universiteti ilə tanışlıqdan sonra başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə