Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Prezident İlham Əliyevin Vaşinqtona səfərinin ilk iki gününün nəticələri nə ilə əlamətdar oldu?

Artıq iki gündür ki, dünyanın diqqəti ABŞ-ın paytaxtı Vaşinqtona yönəlib. Əllidən çox ölkənin dövlət və hökumət başçıları, müxtəlif beynəlxalq təşkilatların rəhbərləri IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün bu şəhərə toplaşıblar. ABŞ Prezidenti Barak Obamanın dəvəti ilə Vaşinqtona gələn Azərbaycan Prezidenti İlham Əliyevin səfərinin ikinci günü başa çatıb. Bu iki gün nə ilə əlamətdar oldu?

Əvvələn, müasir dövrün nüvə təhlükəsizliyi ilə bağlı ən mühüm məsələlərin, bir sözlə, bütün bəşəriyyətin gələcək taleyinin həll olunduğu bu Sammitə dəvətin özü Azərbaycan tərəfindən dostluq və tərəfdaşlığın əlaməti kimi qəbul edilib. Prezident İlham Əliyevin Birləşmiş Ştatların dövlət katibi Con Kerri ilə görüşdə mətbuat üçün verdiyi bəyanatında qeyd etdiyi kimi, ABŞ-Azərbaycan münasibətlərinin artıq 25 illik uzun tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olub, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatıb.

Azərbaycan Prezidentinin Birləşmiş Ştatların paytaxtında keçirdiyi bütün görüşlərdə və apardığı danışıqlarda ABŞ-Azərbaycan münasibətlərinin strateji əhəmiyyəti vurğulanmaqla yanaşı, "Cənub Qaz Dəhlizi" layihəsi ilə bağlı birgə iş məsələsi də diqqət mərkəzində olub. Bu layihənin uğurla həyata keçirilməsində Prezident İlham Əliyevin güclü siyasi iradə nümayiş etdirdiyinin bildirildiyi görüşlərdə "Cənub Qaz Dəhlizi"nin Avropanın enerji təhlükəsizliyindəki əhəmiyyəti və dövlətimizin başçısının göstərdiyi səylər xüsusi qeyd edilib. Dövlət katibi Con Kerrinin mətbuat üçün bəyanatında dediyi kimi, bu layihə enerji mənbələrinin şaxələndirilməsi baxımından Avropanın uzunmüddətli strateji maraqları naminə atılan çox ciddi addımdır və bu işə cəlb olunan bütün tərəflərə fayda gətirəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın vitse-prezidenti Co Baydenlə görüşündə də enerji təhlükəsizliyi məsələsi danışıqların əsas mövzusu olub. Vitse-prezident Co Bayden bildirib ki, ABŞ Azərbaycanın "Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyətini tam dəstəkləyir və bu istiqamətdə zəruri addımlar atacaq.

Göründüyü kimi, Birləşmiş Ştatlar "Cənub Qaz Dəhlizi" layihəsini təkcə sözdə dəstəkləmir, eyni zamanda, onun həyata keçirilməsinə sanballı kömək göstərməyə hazır olduğunu təsdiqləyir. Prezident İlham Əliyev bu real dəstəyi yüksək qiymətləndirərək deyib: "Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasa idi həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi. İşlər vaxt cədvəlinə uyğun gedir, işlər vaxtında icra olunacaq və 2-3 il ərzində "Cənub Qaz Dəhlizi" layihəsi işlək olacaq".

Dövlətimizin başçısının keçirdiyi görüşlərdə Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlara logistik dəstəyin təmin olunmasında səyləri də xüsusi qeyd edilib, ölkələrimiz arasında siyasi, iqtisadi və energetika sahələrində güclü və uzunmüddətli əməkdaşlığa maraq ifadə olunub.

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri, habelə bu ölkənin bir sıra konqresmenləri və ictimai xadimləri ilə görüşlərdə müzakirə edilən ikinci mühüm məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olub. Azərbaycan Prezidenti Ermənistan-Azərbaycan münaqişənin həllinə dair ölkəmizin mövqeyini şərh edərək bildirib ki, bütövlükdə postsovet məkanında, ümumiyyətlə isə dünyada bütün münaqişələr ölkələrin ərazi bütövlüyü əsasında həll edilməlidir. Həm Co Bayden, həm də Con Kerri ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, problemin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında nizamlanmasına sadiq olduğunu bir daha təsdiq ediblər.

Dünyanın ən böyük dövlətlərindən birinin yüksək vəzifəli rəsmi şəxslərinin bəyanatları aydın şəkildə göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir.

Beləliklə, Prezident İlham Əliyevin ABŞ-a səfərinin ilkin nəticələrinə əsaslanaraq demək olar ki, Azərbaycan ilə Birləşmiş Ştatların həmişə sıx və səmimi olan münasibətləri indi strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə