AMEA prezidenti başsağlığı verib

AMEA prezidenti başsağlığı verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev və AMEA-nın İşlər idarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev Fransanın Azərbaycandakı səfirliyində olublar. Qurumun mətbuat xidmətindəNS İA-ya verilən xəbərə görə, AMEA rəhbərliyi noyabrın 13-də Paris şəhərində törədilmiş terror aktı ilə bağlı Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, xanım Orelia Buşezə baş sağlığı verib. AMEA prezidenti ötən həftə keçirilən Akademiyanın 70-illik yubiley tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı zamanı multikulturalizm və dini tolerantlıq ilə bağlı səsləndirdiyi fikirləri xatırladıb. Akademik bildirib ki, multikulturalizmin Azərbaycanda dövlət siyasəti və eyni zamanda, ictimai sifariş olduğunu qeyd edən ölkə başçısı Azərbaycan alimləri qarşısında da bu mövzu ilə bağlı əhəmiyyətli vəzifələrin durduğunu vurğulayıb.

Səfir Orelia Buşezlə söhbətində akademik Akif Əlizadə bildirib ki, Azərbaycan alimləri Parisdə baş verən terror hadisəsindən çox sarsılıb, bununla əlaqədar Fransa xalqına baş sağlığı verir və səbr diləyir.

"Azərbaycan xalqı dəfələrlə terrora məruz qalmış və bəşəri cinayətlərə qarşı mübarizə aparmışdır. Biz, alimlər də terroru pisləyir, rədd edir və Fransa xalqı ilə həmrəylik nümayiş etdiririk.

Allah rəhmət eləsin!"

Xanım Orelia Buşez öz növbəsində mənəvi dəstəyə görə təşəkkürünü bildirib: "Bu, çox mühüm haldır ki, Azərbaycan alimləri və elmi ictimaiyyəti terrora qarşı mübarizədə bizimlə eyni cəbhədədir və bu mənada vahid siyasəti dəstəkləyir".

Sonda akademik Akif Əlizadə terror qurbanları üçün açılmış xatirə kitabına ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə