Məhşur kəşfiyyatçının yubileyi qeyd edilib
120 yaşlı Rixard Zorge

Bu gün Azərbaycan Hərb Tarixi Muzeyində görkəmli kəşfiyyatçı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Ali hərbi məktəblərin, veteran şuralarının, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, şəhər muzeylərinin və digər idarə-müəssisələrinin nümayəndələrinin iştirak ediblər.

Tədbirdə bildirilib ki, anadan olmasının 120 illiyi qeyd edilən görkəmli kəşfiyyatçı, "gizli cəbhə"nin qorxmaz döyüşçüsü Rixard Zorge İkinci Dünya Müharibəsində faşizmlə mübarizədə iştirak edib, sevdiyi Vətəni qarşısındakı borcunu son nəfəsinə qədər yerinə yetirib.

Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya Müharibəsi zamanı Almaniyada, Çində, Yaponiyada və Avropanın bir sıra ölkələrində "Ramzay" kod adı altında böyük agentura şəbəkəsinə nəzarət etmiş Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

Tədbirdə Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə çıxış edərək bildirib ki, müstəqil Azərbaycan Respublikasının hər bir vətəndaşı bu unudulmaz kəşfiyyatçının keçdiyi şərəfli ömür yolundan dərs almağa borcludur: "Rixard Zorge həm də siyasi elmlər sahəsində özünü sınamış savadlı və istedadlı bir xadim kimi də tanınıb. O, 1919-cu ilin avqust ayında siyasi elmlər üzrə Fəlsəfə doktoru elmi dərəcəsi alıb. Onun istər ictimai xadim, istərsə də kəşfiyyatçı kimi fəaliyyəti dünyanın bir sıra məktəblərində öyrənilir və təbliğ olunur. Canını xalqımızın qələbəsi naminə qurban vermiş dəyərli və mərd kəşfiyyatçı faciəli ölümündən 20 il sonra 1964-cü il noyabrın 5-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb".

Qeyd edək ki, tədbirin sonunda Rixard Zorge adına 90 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiya nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə