Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır. SİA-nın məlumatına görə, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Televiziya və Radio Yayımı haqqında" qanunun 16 və 23 maddələrinə edilən dəyişikliklərdə öz əksini tapıb.
Belə ki, Qanunun 16.11-ci maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər" sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir" sözləri ilə əvəz edilir.
Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirib ki, mövcud qanunvericiliyə əsasən bununla bağlı məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif olunan varianta əsasən, məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunur: "Yəni mövcud qanunvericiliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirsə, onda müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın qüvvəsini istifadə haqqı ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişiklikdə təklif olunur ki, məhkəmə qarşısında iddia qaldırılmasın və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılsın".
Layihə müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB