Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb

Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb

"Azərbaycanda dələduzluq cinayətlərinin sayı artıb. Bu cinayətlərinin əksəriyyəti qulluq mövqeyindən istifadə etməklə törədilən cinayətlər olduğundan onlar korrupsiya cinayətləri hesab edilir". SİA-nın xəbərinə görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev mətbuat konfransında məlumat verib.

O bildirib ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, dövlət qurumları, Baş prokurorluğun digər qurumları vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq qurmasa o zaman korrupsiyaya qarşı səmərəli mübarizə aparmaq mümkün olmaz: "Tendensiya onu göstərir ki, "qaynar xətt"ə daxil olan müraciətlərin sayı azalıb. Bu isə "ASAN xidmət" mərkəzlərinin açılması və digər xidmət sahələrini əhatə etməsi ilə bağlıdır. "Qaynar xətt"ə daxil olan məlumatların çoxu əsasən ümumi xarakter daşıyıb. Əvvəllər konkret rüşvət faktları ilə bağlı idisə, indi korrupsiyaya şərait yaradan səbəblər barədə olur. Belə bir tendensiyanın olması xəbər verir ki, biz daha çox digər sahələrdə, əsasən əməliyyat-axtarış qurumlarının fəaliyyətini təkmilləşməliyik. Bəzən vətəndaşlar cinayət işinin gedişində ifadələrin verilməsində fəallıq göstərmirlər. Biz vətəndaşların köməyi ilə antikorrupsiya mühitini yarada bilərik. Hesab edirəm ki, bu sahədə müəyyən işlər görülməlidir".

K. Əliyev əlavə edib ki, Baş İdarəyə hüquq-mühafizə orqanlarından 38 material daxil olub ki, onlardan 7-si həmin dövlət qurumlarının öz əməkdaşları barəsində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə