"Biznes və qadın hüquqları”

Ombudsmanın təşəbbüsü ilə 2013-cü ilin fevral ayından aidiyyəti dövlət qurumları və QHT nümayəndələrindən ibarət tərkibdə yaradılan Biznes və İnsan hüquqları sahəsində işçi qrupu fəaliyyətini uğurla davam etdirir.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, həmin İşçi qrupun "Biznes və qadın hüquqları" mövzusuna həsr olunannövbəti toplantısı Ombudsman Aparatında təşkil olunub. Tədbirdə Millət vəkilləri, Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev və İnsan hüquqları Komitəsinin üzvü Fazil Mustafa, aidiyyəti dövlət qurumlarından və QHT nümayəndələrindən ibarət tərkibdə Qrup üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, onların yeni peşələrə yiyələnməsi, sahibkar qadınlar üçün bərabər imkanların yaradılması, sahibkarlıq fəaliyyəti ilə bağlı onlara müvafiq güzəştlərin tətbiq olunması, qadınların işdə irəli çəkilməsi və onların rəhbər vəzifələrə təyin olunması, qeyd olunan məsələlərlə bağlı əhali, biznes qurumları və aidiyyəti dövlət orqanları ilə ünvanlı maarifləndirmə işinin aparılmasının, müvafiq nəşrlərin hazırlanması və paylanılmasının zəruriliyini vurğulayıb.

Müvəkkil çıxışında "Biznes və qadın hüquqları" sahəsində beynəlxalq praktika, rəhbər prinsip və qaydalar barədə geniş məlumat verərək, gender məsələlərinə münasibətdə biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsinin vacibliyini bildirib.

Dəyirmi masada Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri "Qadınların əmək hüquqlarına dair qanunvericilik və bu sahədə təcrübə", "Qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi" və "Qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə və məşğulluğuna yönələn fəaliyyət" mövzuları üzrə çıxışlar edərək təklif və tövsiyələrini bildiriblər.

Tədbirdə qrupun gələcək fəaliyyətinin prioritet istiqamətləri barədə müzakirələrdə, bu sahədə beynəlxalq hüquqi sənədlərin diqqətlə öyrənilməsinin, aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulması və müsbət təcrübə mübadiləsinin aparılmasının, mövcud bir sıra problemlərin həlli ilə bağlı aidiyyəti dövlət qurumları qarşısında məsələlərin qaldırılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə